Ermənistanda parlament seçkilərinə sayılı günlər qaldığı bir vaxtda siyasi mübarizə daha da sərtləşir. Baş nazir Nikol Paşinyanın reytinqinin yüksəlməsi fonunda müxalifət hücum ritorikasını gücləndirib.
Ermənistanın sabiq prezidenti Robert Köçəryan Paşinyanı “Azərbaycanın adamı” adlandırıb. Ümumilikdə isə Paşinyanın hakimiyyətdə qalması həm Ermənistanın daxili sabitliyi, həm də Cənubi Qafqazda sülh prosesinin davamı baxımından əsas faktorlardan biri hesab olunur.
Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Ermənistanın vassala, dalan ölkəyə çevrilməsində və ağır duruma düşməsində Köçəryanın böyük payı var:
“Köçəryan və onun kimi uzun illər Ermənistan hakimiyyətini mənimsəmiş cinayətkar fiqurlar Azərbaycan ərazilərini işğal edib, çoxsaylı hərbi cinayətlər törədiblər. Bu gün Paşinyan hökumətinin ictimai dəstəyini zəiflətmək üçün Köçəryan və onun rəhbərlik etdiyi blok müharibədəki məğlubiyyəti Paşinyanın üzərinə yıxmaqla ictimai rəyi manipulyasiya etməyə çalışır. Halbuki bu məğlubiyyətin əsasını elə Köçəryan hakimiyyətinin simasında Ermənistanın daşnak təfəkkürü təşkil edir. Azərbaycan müharibədə bütövlükdə Ermənistan dövlətçiliyini və ona dəstək verən üçüncü qüvvələri məğlub edib. Köçəryan hakimiyyətdə olsaydı belə, Ermənistan məğlub olacaqdı.
Köçəryanı Ermənistanın dövlət maraqları deyil, korporativ mənafelər maraqlandırır. Ermənistan Azərbaycan, Türkiyə və əhalisinin yarısı türk olan İranla qonşudur. Siyasi kimliyi bir kənara qoyaq, sağlam düşüncəsi olan sıradan bir insan bu coğrafi reallıqda Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını davam etdirə bilərmi? Belə bir utopiyanın gerçəkləşmə ehtimalı neçə faizdir? Bu, mümkünsüzdür və bu cür yanaşmanı Ermənistanın xarici siyasətinə çevirmək həmin dövləti sadəcə alət funksiyasına məhkum edir, məhvə aparır.
Paşinyan isə Ermənistanı buxovlardan xilas etməyə və normal dövlətə çevirməyə çalışır. Bunun yeganə yolu qonşularla reallığa əsaslanan, beynəlxalq hüquqa söykənən sağlam siyasətdir. “Real Ermənistan” konsepsiyası da bu yanaşmanı özündə ehtiva edir. Müharibədəki ağır məğlubiyyətdən sonra erməni ictimaiyyətinin Paşinyanı dəstəkləməsi revanşistlər üçün ölümcül tendensiyadır və Köçəryanı narahat edən əsas məsələ də budur.
Ermənistanda ağıllı siyasətçilər çox yaxşı bilirlər ki, Azərbaycanın bölgədə yaratdığı reallıqları dəyişmək praktiki olaraq mümkünsüzdür. Ona görə də Köçəryanın manipulyativ xarakter daşıyan açıqlamalarının seçkinin nəticələrinə ciddi təsir edəcəyini düşünmürəm. Paşinyan hökumətinin seçkidə qalib gəlmək şansı daha yüksəkdir”.