|

Rusiya Prezident yanında Millətlərarası Münasibətlər Komissiyasının sədri Ara Abramyanın Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə sual altına alan və müharibə ritorikasını dəstəkləyən açıqlama verib.
Musavat.com xəbər verir ki, milyarder iş adamı, həm də Rusiya Erməniləri İttifaqının rəhbəri olan Abramyan Ermənistandakı seçkilərlə bağlı müraciət yayıb.
Paşinyanın seçki kampaniyasında səslıəndirdiyi fikirləri sərt tənqid edən Abramyanın müraciətində deyir: “Cənab Paşinyan, əgər çağırışlarımıza qulaq asıb 2019-cu ildə getsəydiniz, 2020-ci ildə müharibə olmazdı. Əgər çağırışlarımıza qulaq asıb 2021-ci ildə getsəydiniz, Artsax bu gün ermənilərin olardı, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın strateji ərazilərini işğal etməzdi, Əliyev sizi təhqir etməzdi və erməni xalqını təhdid etməzdi, ermənilər isə Bakı həbsxanalarında oturmazdılar”.
Çoxmillətli Rusiyada Prezident yanında Millətlərarası Münasibətlər Komissiyasının sədri olan Abramyan Azərbaycan haqda nifrət dolu mövqeyi təəcüblü deyil. Abramyanın rəhbərlik etdiyi diaspor strukturları zaman-zaman Azərbaycan əleyhinə yönəlmiş təbliğat kampaniyalarında fəal iştirak edirlər. Xüsusilə 44 günlük müharibədən sonra Abramyanın təşkilatları Rusiyada, Fransada və ABŞ-da Azərbaycana qarşı yönəlmiş sərgilər, konfranslar və mediada qərəzli çıxışlar təşkil edib. Onun dəstəyilə 2021-ci ilin aprelində Parisdə təşkil olunan “Artsax – sivilizasiyanın beşiyi” adlı sərgidə Qarabağ “müstəqil dövlət” kimi təqdim edilmişdi. Sərgidə Qarabağ ermənilərinin, guya, “soyqırıma məruz qalması” iddiası irəli sürülmüşdü. O, İkinci Qarabağ müharibəsindən sonra keçmiş qondarma separatçı rejimin bəzi üzvləri ilə təmaslarını davam etdirib. Məsələn, 2021-ci ildə hazırda Bakıda həbsdə olan Arayik Harutyunyanla Moskvada görüşü zamanı Qarabağı “erməni torpağı” adlandırmışdı. Belə mənfi reputasiyaya, regionda sülhə qarşı olan birinin Rusiyada “millətlərarası münasibətlərin” tapşırılması haqlı suallar doğurur. Qeyd edək ki, Rusiya prezidenti ötən ilin sonunda onu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Geri qayıt
|