Əsas Səhifə > Güney Press > Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır

Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır


Bu gün, 12:57

Seçkilərə yaxınlaşdıqca Emənistanda sui-qəsd, terror çağırışları səslənməkdədir. Sosial şəbəkələrdə yayılan videoda maskalı və silahlı bir qrup şəxs ölkənin baş naziri Nikol Paşinyanı sağ ələ keçirib öldürəcəkləri ilə təhdid ediblər.

Hadisədən dərhal sonra hakimiyyət strukturları hərəkətə keçib. İstintaq Komitəsi qətl hazırlığı, kompüter sabotajı və qanunsuz silah dövriyyəsi maddələri ilə cinayət işi açıb, təhlükəsizlik orqanları isə bir neçə ünvanda axtarışlar aparıb. Paşinyan özü də seçki mitinqlərindən birində sərt və emosional çıxışı ilə diqqət çəkib.

Hakimiyyətə yaxın erməni saytallarının yazdığına görə, Paşinyanı seçkilərdə hakimiyyətdən kənarlaşdırmaq mümkün deyil, çünki bütün rəqiblərindən reytinqi yüksəkdir. Ona görə də onu hakimiyyətdən uzaqlaşdıracaq yeganə faktor kimi sui-qəsd variantı seçilib. Rəqibləri Paşinyanın iqtidarının davam etməsinin qarşısını başqa cür almağın mümkün olmadığına get-gedə daha da əmin olurlar.

Bu iddialar kifayət qədər inandırıcı görünür. Çünki erməni terrorizmininin yüz ildən artıq qanlı tarixi var. Erməni terroru hətta lazım olanda ermənilərin özlərinə qarşı da tətbiq olunur. Çox da uzaq olmayan tarixi xatırlamaq kifayətdir. 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində həyata keçirilən terror aktı. Parlamentin iclası zamanı 6 nəfər silahlı şəxs zala daxil olaraq, deputat və nazirlərdən ibarət 50 nəfəri girov götürmüşdülər. Zala daxil olan kimi terrorçular ilk olaraq baş nazir Vazgen Sarkisyanı və parlamentin spikeri Karen Dəmirçiyanı qətlə yetirmişdilər. Bundan başqa, terror aktı zamanı vitse-spikerlər Ruben Miroyan, Yuri Baxşyan, deputatlar Armenak Armenakyan, Henrix Abramyan, Mikael Kotanyan və ölkənin operativ işlər naziri Leonard Petrosyan da öldürülmşdü. Hadisə yerinə gələn o zamankı Ermənistan prezidenti Robert Köçəryan terrorçu qrupun rəhbəri, “Daşnaksütyun” Partiyasının keçmiş üzvü Nairi Unanyanla birbaşa danışıqlar aparmışdı. Oktyabrın 28-i səhər saatlarında girovları qrup şəklində azad edən terrorçular könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olmuşdular. 8 nəfərin ölümündə, 7 nəfərin ağır yaralanmasında təqsirləndirilən terrorçular məqsədlərinin baş nazir Vazgen Sarkisyanı öldürərək ölkəni parçalanmadan xilas etmək olduğunu iddia edirdilər.

Robert Köçəryanın o zaman ölkədə ümummilli matəm elan etməsinə baxmayaraq, bir çox ekspertlər terror aktında onun əlinin olduğunu iddia edirdilər. Çünki parlamentdə baş verən terror aktı nəticəsində Köçəryan üçün ən ciddi nüfuzlu rəqib Vazgen Sarksiyan və Karen Dəmirçiyan öldürülmüşdü.

İndi isə Robert Köçəryan prezident olmasa da yenə də revanşist terrorçu qüvvələrin lideri rolunda qalır və üstəlik “Ermənistan” bloku ilə seçkidə iştirak edir və baş nazir olmaq üçün bütün imkanlarını səfərbər etdiyi açıq görünür.

Bu isə o deməkdir ki, terror aktı Nikol Paşinyana qarşı təkrarlana bilər.

Erməni terrorunun yüz ildən artıq qanlı tarixi olduğunu, ən yeni tarixdə davam etdiyini, hətta ermənilərin özünə qarşı da qanlı cinayətlərə imza atdığını nəzərə alsaq hesab etmək olar ki, Nikol Paşinyana qarşı da terror hər an mümkündür. Seçkilərdə Paşinyana qalib gəlməyin mümkün olmadığına əmin olan düşmənləri, xüsusən Robert Köçəryan onu terrorla aradan götürmək fikrinə düşə bilər. Paşinyanı sağ ələ keçirməklə hədələyən maskalı qrupun Köçəryanın quldur dəstəsinin üzvləri olduğu barədə artıq erməni mediasında yazılara rast gəlinir. Maskalı qrupun 2023-cü ilin sentyabrında Qarabağdan gəlmiş terrorçu qruplaşmanın üzvləri olduğu deyilir. Terror, sui-qəsd bu qüvvələrin təcrübəsində kifayət qədər geniş yer alıb. Köçəryanın liderlik etdiyi cinayətkar klan seçkilərdə xalqın yetərli səsini qazana bilməyəcəklərini hər keçən gün daha çox hiss etməyə başlayırlar. Ona görə də yeganə variant kimi “ən yaxşı” bacardıqları terror variantına əl atacaqları ehtimalı da güclənir.

Ekspertlərin fikrincə, Paşinyanın Qarabağ klanının başçılarının kökünü Ermənistandan kəsəcəyini dünən küçədə sərt şəkildə elan etməsi və həmin şəxsləri “alçaqlar” adlandırması da baş nazirdə həyatına qarşı sui-qəsd planları barədə məlumatın olması ilə əlaqədardır.

Musavat.com


Geri qayıt