Əsas Səhifə > Güney Press > Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina?

Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina?


Bu gün, 17:09

Şəhərlərdə nəqliyyatın təşkili və insanların hərəkət imkanlarının yaxşılaşdırılması son illər əsas müzakirə mövzularından birinə çevrilib.

Artan urbanizasiya fonunda fərdi avtomobillərdən asılılığın azaldılması və ictimai nəqliyyatın daha geniş istifadəsi prioritet istiqamət kimi ön plana çıxır.

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda tədbirdə bu məsələlər xüsusi vurğulanıb.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, Azərbaycanda avtomobil və taksi ilə həyata keçirilən səyahətlərin ümumi səfərlərin təxminən 40 faizini təşkil etməsi müşahidə olunur. Nazir həmçinin qeyd edib ki, qarşıdakı illərdə bu göstəricinin azaldılması hədəflənir və 2030-cu ilin sonuna qədər 30 faizə endirilməsi planlaşdırılır.

"Cebheinfo.az"- a açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, Azərbaycanda nəqliyyat siyasətində əsas məqsədlərdən biri şəhərdə hərəkətin daha səmərəli təşkili və tıxacların azaldılmasıdır:

"Bu istiqamətdə planlaşdırılır ki, səyahətlərin böyük hissəsi şəxsi avtomobil və taksilərlə deyil, daha çox iri tutumlu ictimai nəqliyyat vasitələri ilə həyata keçirilsin. Çünki bu yanaşma həm küçə və prospektlərdə sıxlığın qarşısını almağa, həm də insanların daha rahat hərəkət etməsinə imkan yaradır.

Bəzən səsləndirilir ki, taksilərin fəaliyyəti ilə bağlı addımlar atılmalıdır. Taksi dayanacaqları, taksi qiymətləri, taksi ilə bağlı islahatlar həyata keçirilməlidir. Taksinin də müəyyən standartları olmalıdır. Bu sahədə müəyyən tələblər də qoyulub. Amma məqsədimiz taksinin fəaliyyətini optimallaşdırıb, küçə və prospektlərimizi fərdi nəqliyyat vasitələri ilə doldurmaq olmamalıdır".

Ekspert qeyd edib ki, əsas hədəf “daha az nəqliyyat vasitəsi ilə daha çox insanın daşınması” prinsipinə nail olmaqdır:

"Bu baxımdan iritutumlu avtobuslardan, metrodan və gələcəkdə tramvay kimi ictimai nəqliyyat vasitələrindən istifadənin artırılması vacibdir.

Atılan addımlar artıq öz nəticəsini verməyə başlayıb. Hesab edirəm ki, gələcəkdə insanlar tıxac və sıxlıq səbəbindən şəxsi avtomobildən, bəzi hallarda isə taksidən imtina edərək ictimai nəqliyyata daha çox üstünlük verəcəklər.

Şəxsən özüm də ictimai nəqliyyatdan geniş istifadə edirəm. Tıxacların azalmasının əsas yollarından biri də məhz bundan ibarətdir.

Ümumilikdə məqsəd insanların yolda daha az vaxt itirməsi və şəhərdə hərəkətin daha rahat olmasıdır”.


Geri qayıt