|
Qlobal iqtisadiyyatda fırıldaqçılıq üsulları sürətlə dəyişir və cinayətkar şəbəkələr rəqəmsal sistemlərdən daha geniş miqyasda istifadə etməyə başlayır. Yeniavaz.com xəbər verir ki, beynəlxalq yoxlama platforması “Sumsub” və məşhur sığorta şirkəti “Inigo Insurance” fırıldaqçılığa qarşı ən həssas ölkələrin reytinqini hazırlayıblar. Araşdırmada 112 ölkə üzrə məlumatlar təhlil olunub və dövlətlər kibertəhlükəsizlik zəifliyinə görə dörd əsas göstərici əsasında sıralanıb: fırıldaqçılıq fəaliyyəti, resurslara çıxış, hökumət müdaxiləsi və iqtisadi vəziyyət. İndeksdə aşağı bal ölkənin kibertəhlükələrə qarşı dayanıqlılığını, yüksək bal isə zəifliyini göstərir. Reytinqə əsasən, qlobal kibertəhlükəsizlik dayanıqlılığında Avropa ölkələri üstünlük təşkil edir. Lüksemburq 0,8 indeks balı ilə ilk sırada qərarlaşıb. İlk beşlikdə həmçinin Danimarka, Finlandiya, Norveç və Niderland yer alıb. Lider ölkələr arasında həmçinin İsveçrə, İsveç və Avstriya da qərarlaşıb. Asiya-Sakit Okean regionunda isə Sinqapur ilk onluqda yer alaraq 10-cu pilləyə yüksəlib. Avstraliya 15-ci, Kanada isə 18-ci sırada qərarlaşıb. Diqqət çəkən məqamlardan biri isə ABŞ ilə bağlı olub. ABŞ 3,8 bal ilə 112 ölkə arasında 91-ci yerdə qərarlaşıb. Bundan başqa Çin 96-cı, Vyetnam isə 97-ci pillədə yer alıb. Mütəxəssislər bunu əsasən ABŞ-də maliyyə əməliyyatlarının demək olar ki, tam rəqəmsallaşması ilə izah edirlər. Rəqəmsal tranzaksiyaların yüksək payı potensial fırıldaqçılıq imkanlarını artırır. Digər tərəfdən, ABŞ və Çin kiberhücumlar və maliyyə saxtakarlığı baxımından ən çox hədəf alınan ölkələrdən hesab olunur. Reytinq hazırlanarkən yalnız müdafiə mexanizmlərinin gücü deyil, eyni zamanda qeydə alınan hadisələrin sayı da nəzərə alınıb. Azərbaycan kibertəhlükəsizlik reytinqində son sıralarda yer alıb. Belə ki, Azərbaycan 112 ölkə arasında 104-cü yerdə qərarlaşıb. Bu sahədə Azərbaycan yalnız 8 ölkədən – Ruanda, Banqladeş, Uqanda, Tanzaniya, Hindistan, Nigeriya, İndoneziya və Pakistandan öndədir. Keçmiş SSRİ və region ölkələrinin kibertəhlükəsizlik reytinqindəki mövqeyi aşağıdakı kimidir: 14. Litva; 36. Qazaxıstan; 43. Estoniya; 51. Gürcüstan; 58. Qırğızıstan; 59. Moldova; 63. Türkiyə; 71. Latviya; 81. Belarus; 83. Özbəkistan; 89. Ukrayna; 100. Ermənistan; 104. Azərbaycan.
Geri qayıt
|