Əsas Səhifə > Güney Press > Ermənistanın İKİ ən etibarlı qarantoru

Ermənistanın İKİ ən etibarlı qarantoru


Bu gün, 11:08

“Azərbaycanla sülhün bərqərar olması üçün hər hansı “qarant” institutuna ehtiyac yoxdur”. Bunu Ermənistanın tətildə olan Baş naziri Nikol Paşinyan seçkiqabağı təbliğat kampaniyası zamanı bildirib. Paşinyan bu məsələdə artıq eyni səhvləri təkrarlamaq niyyətində olmadığını deyib. “Son nəticədə biz özümüzdən başqalarına qarşı istifadə edilməsinə yol verməməliyik. Eyni zamanda, sonradan kənara atılmağımıza səbəb olan qüsurlu dairəni qırmalıyıq”, — deyə Nikol Paşinyan vurğulayıb.

O, bunun mühüm tarixi və siyasi dəyişiklik olduğunu vurğulayıb. Baş nazir sözsüz ki, bununla yeni bir xarici “ağaya” ehtiyac duyulmadığına və Ermənistanın daha “maşa” olmayacağına işarə vurur. Paşinyanln əsas opponentləri isə Bakı ilə davam edən hazırkı sülh və ikitərəfli əməkdaşlıq prosesinin Ermənistanın ziyanına olduğunu iddia edir, “ədalətli sülh” üçün Rusiya və ya Minsk Qrupuna bənzər, hətta BMT TŞ səviyyəsində qarantorlar tələb edirlər. Halbuki zaman sübut elədi ki, Ermənistanın iki ən güclü, ən etibarlı qarantoru elə yaxındadır – qonşu Azərbaycan və Türkiyə...

Siyasi icmalçı Asif Nərimanlıya görə, Ermənistanda keçiriləcək 7 iyun parlament seçkiləri təkcə bu ölkədə yox, bütövlükdə regiondakı proseslərin inkişaf xəttini müəyyənləşdirəcək. Onun fikrincə, bir tərəfdə Nikol Paşinyan, digər tərəfdə Robert Köçəryan və Samvel Karapetyanın “çobanlıq” etmək uğrunda mübarizə apardığı revanşistlərdir: "Seçki proqramlarına istinadən onları şərti olaraq, “sülh” və “antisülh” cəbhəsi adlandırmaq olar. Bu cəbhələrin hansı qalib gələrsə, hadisələr necə inkişaf edə bilər? Paşinyanın 7 iyundan sonra da Ermənistana rəhbərliyi davam etdirməsi regional sülh kontekstində Azərbaycanın maraqlarına uyğundur. Çünki sülh gündəliyi davam etdiriləcə, seçkidən sonra yeni konstitusiyanın qəbulu ilə bağlı referendum keçiriləcək və Azərbaycana qarşı ərazi iddialarının yer aldığı mövcud konstitusiyadan imtina imkanı yaranacaq. Bakının tələbləri sırasında yer alan “mövcud konstitusiyanın dəyişdirilməsi” rellaşdıqdan sonra yekun sülh sazişi imzalanacaq. Regional kommunikasiyanın açılması çərçivəsində Zəngəzur dəhlizi işə düşəcək. Bu gözləntilərin reallaşması – sülh prosesinin yekunlaşması Ermənistanın mövcudluğunun saxlanılması, cəmi 100 il öncə Azərbaycan torpaqları hesabına süni şəkildə yaradılmış bu dövlətin süqut etmək risklərindən xilas olması baxımından da əhəmiyyətlidir. Paşinyan bunu anladığı üçün sülhdə israr edir".

Təhlilçi hesab edir ki, 7 iyunda qutudan revanşistlər çıxarsa, Köçəryan və Karapetyanın təmsil etdiyi antisülh cəbhəsi seçki proqramını qondarma “artsaxın dirildilməsi” üzərində qursalar da, Qarabağ məsələsinin tamamilə bağlanması fonunda Azərbaycana qarşı ərazi iddiaları üzərindən hansısa risklər yaratmaq imkanları görünmür: "Qarabağ iddiası ritorik müstəvidə gündəmdə saxlanıla və regionda geosiyasi maraqlar toqquşmasında təzyiq xarakteri daşıya bilər. Hərçənd, Qarabağın ritorik olaraq gündəmdə saxlanılması da daxil olmaqla, revanşistlərin proqramı sülh prosesini baltayacaq. Hakimiyyətə gələcəkləri təqdirdə Azərbaycanla “ədalətli sülh müqaviləsi” imzalayacaqları vədlərindən də yeni eskalasiyanın qoxusu gəlir. Və aydındır ki, onların “ədalətli müqavilə” anlayışı Bakı-İrəvan xəttində pillə-pillə ucaldılmış sülh pramidasının çöküşü deməkdir. Nəticədə sülh gündəliyində yeni şərtlər irəli sürmələri prosesi tormozlayacaq. Yekun sülh sazişinin imzalanmasında əsas maneə olan mövcud konstitusiyanı dəyişdirməkdən, yaxud yenisinin qəbul edilməsindən imtina edəcəklər. Sərhədin delimitasiyası prosesini dayandıracaq, Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcək, ən yaxşı halda Naxçıvana maneəsiz keçid razılaşmasından imtina edəcəklər ki, bu da kommunikasiyanın bərpasını arxa plana keçirəcək. Və bu situasiya təkcə Bakı-İrəvan xəttindəki sülh prosesini sıradan çıxarmayacaq, eyni zamanda, bölgədə yeni eskalasiya risklərini də artıracaq".

musavat.com


Geri qayıt