Əsas Səhifə > Güney Press > Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər
Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilərBu gün, 10:15 |
|
Hazırda dövlət xəstəxanalarında canlı növbə, uzun gözləmə müddəti və qeyri-müəyyən qəbul saatları ilə bağlı narazılıqlar tez-tez səslənir. Bir çox ölkədə qəbul prosesi artıq tam rəqəmsallaşdırılıb və onlayn növbə sistemi əsas modelə çevrilib. Azərbaycanda da dövlət xəstəxanalarında onlayn növbə sisteminin mərhələli şəkildə tətbiqi məsələsi müzakirə olunan mövzulardan biridir. Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, bu istiqamətdə bir neçə mühüm məqama diqqət yetirilməlidir: “Birinci, təbii ki, onlayn növbə sisteminin qurulması vacibdir, önəmlidir. Amma onlayn növbə sisteminin qurulması maddi baxımdan nə qədər yük gətirir, bu prosesə diqqət yetirməliyik. Yəni onlayn növbə sisteminin qurulması sadəcə bir-iki avadanlığın quraşdırılması ilə prosesin həyata keçirildiyi baxımından yanaşmaq yanlışdır”. Deputat qeyd edib ki, xəstəxanalarda onlayn növbə sisteminin qurulması kifayət qədər maliyyə və texniki resurs tələb edir: “Bir xəstəxanada onlayn növbə sisteminin qurulması üçün kifayət qədər vəsait sərf olunur. Bu baxımdan prosesin mərhələli şəkildə həyata keçirilməsi mümkündür və bu da sadəcə onlayn növbə sistemi qurulmaq xatirinə qurulmamalıdır. Xəstəxananın hansı regionda yerləşdiyinə, o regionun potensialına və bu istiqamətdə xəstə axınlarını necə tənzimləmək olar, o addımlarla paralel şəkildə onlayn növbə sistemi qurulmalıdır”. Müşfiq Məmmədli hesab edir ki, təkcə rəqəmsallaşma növbə problemini tam aradan qaldırmağa kifayət etməyəcək: “İkinci məsələ isə biz burada bir nüansı nəzərdən qaçırmamalıyıq. Hansı növbə sistemi qurulursa qurulsun, rəqəmsallaşma nə qədər həyata keçirilsə keçirilsin, xəstə axınları tənzimlənmədən növbələrdə problemlərin qarşısını almağımız çox çətin olacaqdır”. Deputat bildirib ki, bəzi müraciətlərin ilkin səhiyyə xidməti səviyyəsində həll olunması xəstəxanalardakı sıxlığı azalda bilər: “Çünki ilk növbədə ikinci dərəcəli müraciətlər, hansılar ki, xəstəxananın funksional fəaliyyətinə daxil deyil. İlkin səhiyyə xidmətində bu müraciətlərin qarşısının alınması mümkündür”. Onun sözlərinə görə, poliklinikalar və ailə sağlamlıq mərkəzlərinin gücləndirilməsi bu istiqamətdə mühüm rol oynaya bilər: “Yəni poliklinika, ailə sağlamlıq mərkəzləri modeli bu istiqamətdə multidisiplinar yanaşmanı təmin edərək, bir çox həkim ixtisasları ilə ərazidə müəyyən tibbi sənədləşmə formalarını yerlərdə həyata keçirməklə biz xəstə axınının bir nöqtəyə yönəlməsinin qarşısını ala bilərik”. Deputat əlavə edib ki, ilkin səhiyyə xidmətinin yenidən qurulması ilə həm növbələr azalacaq, həm də minimal tibbi və sənədləşmə prosedurları yerində həyata keçiriləcək: “Beləliklə, onlayn növbə sistemi, ilkin səhiyyə xidmətinin gücləndirilməsi və yardımçı xidmətlərin ərazidə təşkil olunması ilə biz bu növbənin qarşısını ala bilərik”. Geri qayıt |