Əsas Səhifə > Güney Press > “Mikrorayon” serialını sevənlərə üzücü xəbər

“Mikrorayon” serialını sevənlərə üzücü xəbər


Bu gün, 07:39

İTV-də yayımlanan və geniş auditoriya toplayan “Mikrorayon” serialı müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə bildirilir ki, sözügedən serialda kriminal aləmə rəğbət aşılanır. Serialın maraqlı süjet xətti və keyfiyyətli aktyor oyunu vurğulansa da, bəzi kadrların yeniyetmələri yanlış yönləndirəcəyi qeyd edilir.

Bu kimi seriallar yeniyetmələrə necə təsir edir və yayımında hansısa məhdudiyyətlər tətbiq edilməlidirmi?

Globalinfo.az-a danışan psixoloq Gülnar Orucova deyib ki, indiki yeniyetmələri əvvəlki nəsillə müqayisə etsək, arada böyük fərqlər görərik:

“Əvvəllər yeniyetmələr dostlarına və ya sinif yoldaşlarına bu qədər aqressiv davranmazdılar, onları təhqir etməz, döyməzdilər. Bullinq halları demək olar ki, yox idi. Biz belə hadisələri əsasən xarici ölkələrdə, xüsusilə Rusiya kimi yerlərdə eşidərdik. Amma indi demək olar ki, hər həftə hansısa məktəbdə bullinq hadisəsi ilə rastlaşırıq.

Əvvəllər müəllimlə şagird arasında ciddi qarşıdurmalar da olmazdı. Müəllimin sözü şagird üçün qanun sayılırdı. İndi isə şagirdlərin müəllimə qarşı hörmətsiz davranması, hətta aqressiya göstərməsi halları artır”

Psixoloq vurğulayıb ki, bugünkü gənclərin dinlədiyi mahnılara, geyim tərzlərinə və davranışlarına baxanda da müəyyən dəyişikliklər görünür:

“Erkən yaşda siqaret çəkmək, zərərli vərdişlərə meyl etmək və sosial mediada gördüklərini təqlid etmək halları artıb.

Valideynlər övladları üçün yaxşı şərait yaratmağa çalışırlar: telefon alırlar, yaxşı məktəblərdə oxutmaq istəyirlər, yaxşı geyim və rahat həyat təmin etməyə çalışırlar. Amma bəzən əsas məsələ — uşağa diqqət, qayğı və düzgün istiqamət vermək — ikinci plana keçir”.

Gülnar Orucova qeyd edib ki, ən vacib problemlərdən biri də telefona və sosial mediaya nəzarətin zəif olmasıdır:

“Çox vaxt valideyn bilmir ki, övladı telefonda nə izləyir, kimləri nümunə götürür və həmin məzmun onun düşüncəsinə necə təsir edir. Uşaqlar sosial mediada “güclü”, “məşhur” və ya “varlı” görünən insanlara bənzəməyə çalışırlar və bunun hansı yollarla əldə olunduğunu çox da düşünmürlər.

Seriallar, mahnılar və sosial şəbəkələrdə təqdim olunan həyat tərzi yeniyetmələrə güclü təsir edir. Həmin görüntülər davamlı şəkildə təkrarlandıqda, gənclər bunları normal və doğru davranış kimi qəbul edə bilirlər. Kütlə psixologiyasının təsiri ilə insanlar gördüklərinə daha çox inanır və zamanla onları təqlid etməyə başlayırlar.

Bu səbəbdən cəmiyyətdə yayılan məzmunun, xüsusilə uşaqlar və yeniyetmələr üçün olan təsirlərin diqqətlə qiymətləndirilməsi vacib sayılır. Həmin serialların yeniyetmələrə təsiri böyükdür, bunun qarşısının alınması üçün lazımi addımlar atılmalıdır”.


Geri qayıt