Əsas Səhifə > Güney Press > Tıxacın kökü haradadır?

Tıxacın kökü haradadır?


Bu gün, 10:19

Bakıda tıxac problemi son illər daha da kəskinləşən şəhərsalma və nəqliyyat məsələlərindən biri kimi diqqət çəkir.

Xüsusilə günün pik saatlarında yolların yüklənməsi, hərəkətin ləngiməsi və mərkəz istiqamətində sıxlığın artması bu problemi daha da ciddi edir.

Meqapolislərdə, məsələn, İstanbul, Moskva və ya London kimi şəhərlərdə tıxacların əsas səbəbi adətən əhalinin və iqtisadi aktivliyin həddindən artıq cəmlənməsidir. İnsan sayı milyonlarla ölçülür, gündəlik iş və logistika axını çox yüksək olur.

Bu şəhərlərdə metro, tramvay və ictimai nəqliyyatın geniş şəbəkəsi olsa belə, avtomobil sayı da paralel şəkildə artır və yollar yükü daşımaqda çətinlik çəkir.

Bakı ilə müqayisədə isə fərq ondadır ki, Bakıda tıxacların əsas səbəbi yalnız avtomobil çoxluğu deyil. Burada bir neçə faktor paralel təsir göstərir:

* Şəhərin əsas iş, təhsil və xidmət mərkəzlərinin böyük hissəsi mərkəzdə cəmlənib;

* Rayonlardan və ətraf qəsəbələrdən hər gün böyük axın paytaxta daxil olur;

* Alternativ ictimai nəqliyyat şəbəkəsi meqapolislərlə müqayisədə daha məhduddur;

* Bir çox küçə və yol infrastrukturu indiki avtomobil sayına uyğun planlaşdırılmayıb;

* Dayanma və parklanma problemi hərəkəti əlavə ləngidir.

Meqapolislərdə tıxac daha çox “həddindən artıq böyümənin təbii nəticəsi” kimi qiymətləndirilirsə, Bakıda problem daha çox şəhərsalma balansı, nəqliyyat planlaması və mərkəzləşmədən qaynaqlanır.

Məsələn, Tokio və ya Seul kimi iri şəhərlərdə milyonlarla insan əsasən metro ilə hərəkət etdiyinə görə avtomobil asılılığı nisbətən azdır. Bakıda isə bir çox insan üçün şəxsi avtomobil hələ də əsas nəqliyyat vasitəsi olaraq qalır.

Bu səbəbdən ekspertlər hesab edir ki, Bakıda tıxac probleminin həlli yalnız yeni yollarla deyil, ictimai nəqliyyatın gücləndirilməsi, iş yerlərinin mərkəzdən kənara köçürülməsi və piyada əlçatanlığının artırılması ilə mümkündür.

Maraqlıdır bu tıxacların qarşısı necə alınacaq?

Nəqliyyat eksperti Eldəniz Cəfərov “Cebheinfo.az”-a bildirib ki, Bakıdakı tıxacların səbəbləri çoxdur. Əsas səbəb plana uyğun olmayan tikintilərin həyata keçirilməsi, piyada keçidlərinin zəbt olunması, onların üzərində çoxmərtəbəli yaşayış binalarının tikilməsi və kommersiya yerlərində parklanma yerlərinin təşkil olunmamasıdır;

“Bakı şəhərində mövcud olan bütün kommersiya obyektlərinin hamısının ora gələn ziyarətçilərin sayına uyğun parklanma yerləri olmalıdır. Təəssüf ki, bu belə deyil və bəzi hallarda biz görürük ki, alış-veriş mərkəzlərinə gələn şəxs avtomobilini piyada keçidində və ya yolun ortasında saxlayır və bu problemlər də tıxacların yaranmasına səbəb olur.

Bu halların qarşısının alınması üçün 2025–2030-cu illəri əhatə edən konkret dövlət planı mövcuddur. Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair dövlət proqramıdır və bu 5 il ərzində bu istiqamətdə xeyli iş görüləcək: yeni yolların tikintisi, nəqliyyat sahəsinin yaxşılaşdırılması, infrastruktur və s.”

Bunların hamısının sayəsində, təbii ki, Bakı və ətraf ərazilərdə tıxacların sayı azalacaq. Konkret plan mövcuddur və hazırda da ötən ildən başlayaraq bu plan üzrə xeyli işlər görülüb.


Geri qayıt