Əsas Səhifə > Güney Press > Starmer könüllü olaraq istefa verə bilər

Starmer könüllü olaraq istefa verə bilər


Bu gün, 07:12

Starmer səlahiyyətlərini Böyük Mançester qraflığının meri Endi Bernemə təhvil verərək öz istəyi ilə vəzifəsini tərk edə bilər.

"Report" xəbər verir ki, bu barədə yerli "The Daily Telegraph" nəşri yazıb.

Bernem mayın 14-də İngiltərənin şimalında yerləşən Meykerfild seçki dairəsindən Böyük Britaniya parlamentinin İcmalar Palatasına (aşağı palata) əlavə seçkilərdə namizədliyini irəli sürmək niyyətində olduğunu elan edib. Mayın 15-də hakim Leyboristlər Partiyasının milli icraiyyə komitəsi onun namizədliyini təsdiqləyib. Əlavə seçkilər ilkin olaraq iyunun 18-nə təyin edilib - onların keçirilməsi Meykerfildi təmsil edən və Bernemə parlamentə yol açmaq üçün vəzifəsini tərk edən hazırkı leyborist deputat Coş Simonsun könüllü istefası ilə bağlıdır. Bu seçkilərdə qələbə Bernemə Böyük Britaniya hökumətinin başçısı vəzifəsinə iddia etməyə imkan verəcək. Birləşmiş Krallıqda Nazirlər Kabinetinin bütün əsas üzvləri parlamentin üzvü olmalıdırlar.

Hələ yanvar ayında Bernem Mançesterdəki Qorton-end-Denton dairəsi üzrə İcmalar Palatasına əlavə seçkilərdə iştirak etməyə cəhd göstərmişdi, lakin leyboristlərin partiya rəhbərliyi onun namizədliyinin irəli sürülməsinə imkan verməmişdi. Nəticədə partiya həmin seçkilərdə məğlubiyyətə uğramışdı. "Sky News" telekanalının məlumatına görə, Bernemi parlament seçkilərinə buraxmamaq qərarı onun deputat olduqdan sonra Starmeri Leyboristlər Partiyasının və ölkə hökumətinin rəhbərliyindən uzaqlaşdırmağa cəhd edəcəyi qorxusundan irəli gəlirdi.

"The Daily Telegraph" nəşrinin mənbələrinin iddia etdiyinə görə, Starmer hadisələrin inkişafının "bütün variantlarını" təhlil edir və onun liderliyinə qarşı istənilən çağırışa sinə gərməyə hazır olduğuna dair açıq bəyanatlarına baxmayaraq, öz istəyi ilə getmək qərarına gələ bilər. Nəşr dəqiqləşdirib ki, leyboristlərin müxtəlif partiyadaxili qruplaşmaları Bernemin namizədliyi ətrafında birləşərsə, belə bir ssenari reallaşacaq. Bununla yanaşı, vurğulanıb ki, Starmer Meykerfilddəki əlavə seçkilərin yekunları məlum olana qədər səlahiyyətlərindən əl çəkmək niyyətində deyil.

Böyük Britaniyada siyasi böhran mayın 7-də keçirilmiş bələdiyyə seçkilərindən sonra kəskinləşib. Nəticələrə görə, Leyboristlər Partiyası ilk dəfə Uels parlamentində çoxluğunu itirib. İngiltərənin müxtəlif qanunverici məclislərində leyboristlər əvvəlki göstəricilərlə müqayisədə təxminən 1,4 min yer itiriblər. Starmer seçki məğlubiyyətinə görə məsuliyyətini etiraf edib, lakin partiya lideri və baş nazir postlarını tərk etmək tələblərini rədd edib.


Geri qayıt