Əsas Səhifə > Güney Press > "Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək"
"Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək"Bu gün, 15:06 |
|
“Avroviziya-2026-ya baxmadım, Şuşada Xarıbülbül Musiqi Festivalında idim. Bu Festival Azərbaycan musiqisini daha gözəl təmsil edir, nəinki Avroviziya-2026. Əvvəldən Avroviziya barədə müsbət fikirdə olmamışam. Çünki çox qısa vaxt verirlər. Orada musiqi yoxdur, dekorasiyalar, ritmdir... Bu günə qədər hələ Avroviziya yarışmasında Azərbaycan musiqisinə dəxli olan bir musiqi eşitmədim. Qoy qatılsınlar, qalib gələrlər, çox sağolsunlar. Nəticədə, Azərbaycan bayrağını ucaldacaqlar. Amma incəsənətimizi, qədim mədəniyyətimizi təmsil etmək üçün Avroviziya bir səhnə, arena deyil. Bütün dünya - uzaq, yaxın hamısı Şuşada Xarıbülbül Musiqi Festivalında idi. Əsl Azərbaycan musiqisi Cıdır düzündə səslənirdi və bütün dünya ona baxırdı. Yəni Avroviziyaya getməyi bizə qadağan etsələr, heç vaxt təəssüflənmərəm”. Bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib. B.Vəziroğlu deyib ki, bu gün Azərbaycan musiqisi çox pis günlərini yaşayır: “Sosial şəbəkələrə girin, görün “Azərbaycan musiqisi” adı altında nələr təbliğ olunur, hansı söhbətlər gedir. İndi hamı elə bilir ki, Azərbaycan musiqisi çadır toylarında çalınan, bayağı, əttökən, bədii yaradıcılığa heç bir dəxli olmayan, düşüncə ilə işi olmayan söz yığınıdır. Hamısı da bir notun üzərində qurulub. Bununla məşğul olmaq lazımdır, yoxsa Avrovizyanın finalına çıxdıq, çıxmadıq, bu bizi təəccübləndirməməli, qıcıqlandırmamalıdır. Nə aparmışdıq Avropaya? “Sarı gəlin”, “Küçələrə su səpmişəm” mahnılarını yeni aranjmanda aparmışdıq? Ümumiyyətlə, Avroviziya siyasi şoudur. Ermənistan da onluğa düşməyib, lap yaxşı edib. Onların da öz problemləri var. Məncə, ermənilərə də maraqlı deyil, finala çıxdılar, ya yox. Axı Avroviziya bizə nə verir? Eldar Qasımova nə verdi? Gələn il, ümumiyyətlə, Avroviziyaya getməsək, yaxşıdır. Hamısının əvəzinə Alim Qasımovu göndərmək lazımdır. Avropanı belə bir şeylə təəccübləndirmək olardı. Avropalılara öz musiqilərini zəif formada dinləmək niyə maraqlı gəlsin? Özlərinin super ifaçıları var. Biz isə avropalı imicində, geyimində onlara lazım deyilik. Avroviziyada Azərbaycan dilində oxumalıyıq. Sözləri anlamasalar belə, qoy görsünlər ki, bu sənətkar Azərbaycandan gəlib, Azərbaycan musiqisi, tərbiyəsi, mədəniyyəti budur! Bütün bunları təbliğ edə bilmiriksə, Avroviziyaya nə üçün gedirik? İki nəfər müğənninin yanında az qala iki yüz nəfər adam gedir. Bu qədər yol xərcini gözəl sənətkarlarımıza sərf edək. Getsinlər, diaspor nümayəndələri ilə görüşsünlər... Belə halda onların Vətən həsrətləri də bir az soyuyur. Bu işə daha çox əmək qoymalıyıq, nəinki yalançı, fişəng kimi parıldayan şoulara. Necə ki fişəng səmaya qalxır, sonra düşür qaranlıq torpağa qərq olur. Avroviziya həmin o fişəngin bir anlıq parıltısına bənzəyir. Bir anlıq parıltıya görə bu qədər zəhmət və vəsait xərcləməyə ehtiyac yoxdur”. Geri qayıt |