|
Azərbaycanın əksər şəhər və rayonlarında kredit və əmanət faizləri arasında dəfələrlə fərq var. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ən yüksək kredit faizi Şuşa rayonunda qeydə alınıb. Burada kreditlərin orta illik faizi 32% olub. Sonrakı yerlərdə 23,5%-lə Sədərək rayonu, 23,3%-lə Şərur və Şahbuz rayonları isə qərarlaşıb. Ən aşağı kredit faizi isə Kəlbəcər rayonunda qeydə alınıb. Bu rayonda kredit faizi 9,2% olub. Ən aşağı kredit faizlərinə görə növbəti yerlərdə qərarlaşan Naxçıvan şəhərində kredit faizi 14,3%, Zaqatala rayonunda 14,6%, Qubadlı rayonunda isə 14,8% təşkil edib. Əmanət faizləri üzrə ən yüksək göstərici Ağsu, Ağstafa və Cəlilabad rayonlarında qeydə alınıb. Həmin rayonlarda əmanətlərə illik orta hesabla 10,4% təklif olunub. Lənkəran rayonunda bu göstərici 10,3%, Xaçmaz və Tovuz rayonlarında isə 10,2% olub. Ən aşağı əmanət faizi isə Sədərək rayonunda qeydə alınıb. Sədərəkdə əmanət faizi 7,2% təşkil edib. Bakı şəhərində bu göstərici 7,8%, Babək rayonunda 7,9%, Zəngilan rayonunda isə 8,2% olub. Kredit və əmanət faizləri arasındakı ən böyük fərq Şuşa rayonunda qeydə alınıb. Burada kredit faizi əmanət faizini 3,6 dəfə üstələyib. Sədərək rayonunda fərq 3,3 dəfə, Babək rayonunda isə 2,9 dəfə olub. Ən aşağı fərq isə Naxçıvan şəhərində müşahidə edilib. Burada kredit və əmanət faizləri arasındakı fərq cəmi 44,4% təşkil edib. Zaqatala rayonunda fərq 53,7%, Sumqayıt şəhərində isə 62,9% olub. Cədvəldə şəhər və rayonlarda kredit və əmanətlər (müddətli) üzrə orta faiz dərəcələri və onlar arasındakı fərq göstərilib:

Geri qayıt
|