|
ABŞ-nin texnologiya nəhəngi “Nvidia” bazar kapitallaşması üzrə yeni tarixi rekorda imza atıb. Yeniavaz.com “Forbes”ə istinadən xəbər verir ki, şirkətin ümumi bazar dəyəri 5,5 trilyon dolları keçərək bu həddi aşan ilk şirkət kimi tarixə düşüb. Ticarət sessiyası zamanı “Nvidia” səhmləri təxminən 3 faiz bahalaşıb və nəticədə şirkətin bazar kapitallaşması 5,52 trilyon dollara yüksəlib. Analitiklər hesab edirləe ki, artımın əsas səbəblərindən biri “Nvidia”nın baş direktoru Tayvanəsilli Jen Hsun Huangın ABŞ Prezidenti Donald Tramp ilə birlikdə Çinə səfər etməsi olub. Bundan əvvəl mediada Huangın ABŞ nümayəndə heyətinə daxil edilmədiyi bildirilsə də, Donald Tramp sonradan “Nvidia” rəhbərinin artıq “Air Force One” təyyarəsində olduğunu təsdiqləyib. Son yüksəliş “Nvidia”nın dünyanın ən dəyərli şirkəti kimi mövqeyini daha da gücləndirib. Şirkət bazar kapitallaşmasına görə əsas rəqiblərini xeyli qabaqlayır. Belə ki, “Alphabet”in bazar dəyəri təxminən 4,7 trilyon dollar, “Apple”ın isə 4,3 trilyon dollar səviyyəsində qiymətləndirilir. “Nvidia” səhmləri son bir ay ərzində təxminən 20 faiz bahalaşaraq bir səhm üçün 220 dollara çatıb. Müqayisə üçün qeyd edək ki, şirkətin səhmləri 30 mart tarixində 2026-cı ilin ən aşağı göstəricisi olan 165,17 dollara qədər geriləmişdi. Məlumat üçün onu da bildirək ki, Azərbaycan Dövlət Neft Fondu tərəfindən ən çox yatırım edilən səhmlər də “Nvidia”ya məxsusdur. Fondun “Nvidia” səhmlərinə yatırdığı vəsaitin dəyəri 2024-cü ildə 557 milyon dollar olduğu halda, ötən il 785 milyon dollara yüksəlib. Fondun səhm portfelində “Nvidia” səhmlərinin payı 5,5%-dən 5,4%-ə ensə də, siyahıda yenə də liderliyini qoruyur.
Geri qayıt
|