Əsas Səhifə > Güney Press > Azərbaycanın ən uğursuz siyasətçisi

Azərbaycanın ən uğursuz siyasətçisi


Bu gün, 11:14

Elə adamlar var, onların varlığına baxanda adamın ağlına “uğursuz gecənin məhsulu” fikri gəlir. Elə adamlar da var, onlara baxanda isə “Uğursuz siyasət sonrası formalaşmış adam” fikri.

Bu mənada, Etibar Məmmədov Azərbaycanın ən uğursuz, daşı daş üstə qoya bilməyən, siyasi mövcudluğunu heç zaman sorğulamayan və beləcə, ömrü bu cür hədərə verən adamdır.

Yeganə siyasətçidir ki, danışığı da heç kimə maraqlı deyil. Məsələn, kimsə müsahibə alır, yazır ki, “Etibar Məmmədovdan şok açıqlama, sirrlər açıldı, nə baş vermişdi?”. Di gəl, yenə də heç kimə maraqlı olmur. Əgər Etibar Məmmədovda dövlət sirrləri olsa, onu belə açıqlasa, heç xarici kəşfiyyatlara da maraqlı olmaz. Başın buraxarlar.

Ancaq o Etibar Məmmədov ki, adı bir zaman Milli Azadlıq Hərəkatında hallanırdı. Lefortovo həbsxanasında məhkum olmaq ona böyük nüfuz qazandırmışdı. Di gəl, sonradan özünü də, siyasəti də biznesə qurban verdi. Azərbaycanın ən böyük partiyalarından birinə sahib olsa da, onu da dağıtdı. Bir sözlə, ayağı dəyən yeri qurudub. Bu gün AMİP partiyasının bir deputatı var, o da olmasa, daha yaxşıdır. Xüsusi vurğulamasan, ümumiyyətlə, belə bir partiyanın varlığı da görünmür.

Etibar Məmmədov elə bir adamdır ki, dövrünün ən uğursuz siyasiləri də ona nisbətdə nəsə etdilər. Məsələn, mövqeyini dəyişib vəzifəyə gələn kim, mövqeyi dəyişməyib yenə də başını girələyən kim. Təkcə Etibar Məmmədov ortalıqda qaldı. Yəni onu heç bir vəzifəyə də uyğun bilmədilər, məsləhət etmədilər. Etibar Məmmədov həm də tarixçidir. Ancaq tarixin şəxsən bundan xəbəri yoxdur. Siyasət bir yana, heç olmasa, tarixçi kimi xatırlansaydı, dərd yarı idi. Ancaq mən inanıram ki, o, Tarixi-Nadiri yarıya qədər oxuyub.

Etibar Məmmədov siyasəti biznesə qurban versə də, onu deyim, elə siyasətdə necə uğursuz idisə, biznesdə də oldu. Yeganə adamdır ki, adı heç bir biznesdə də hallanmadı. Mənə elə gəlir ki, Etibar Məmmədov heç makaron da istehsal edə, sata bilməz.

Hesab edirəm ki, Azərbaycan Xalq Cəbhəsinin dağılmasının əsas səbəbkarından biri də odur. Nəsə qura bilməməyi bir yana, götürüb dağıtdı da. Baxmayaraq ki, azərbacanlılar ona çox inanırdı, ancaq bu inam göyə sovruldu. Daxili-siyasi arenanın ən separat danışıqları da onun adı ilə bağlıdır. Sürət Hüseynov məsələrindən tutmuş, tələbəsi olduğu Əbülfəz Elçibəy məsələlərinə qədər.

Konkret desək, Etibar Məmmədovun yeganə uğuru öz başını saxlamağı oldu, xeyri ancaq özünə dəydi.

Mənə elə gəlir ki, Etibar Məmmədovu tamamilə unutmaq lazımdır. Hətta gördüyü yaxşı nəsə bir iş varsa, elə acığa birinci o işi unutmaq lazımdır.

Ona ən yaxşı halda rəhm edərək belə hörmət etmək olar ki, əgər bu gün “siyasi nostalgiya” adlı bir muzey olsa, girişdə ilk eksponat Etibar Məmmədov olsun.

Ancaq vəziyyət necə idi? Bir dövr vardı, Etibar Məmmədov danışanda bir az da barıt iyi gəlirdi, atəş səsləri qulaq batırırdı. Sonra gördük ki, yox, barıt nədi, səs nədi, eləcə su atan oyuncaq tapança imiş.

Əgər Etibar Məmmədov vaxtı ilə siyasətdə bir vulkan idisə, o vulkan uzun illərdir ki, lava yox, eləcə tüstü verir.

Baxmayaraq ki, iddialı olublar, müxalif mövqelər olub, elə həm də Etibar Məmmədovun timsalında çox adamın əsas məqsədi hakimiyyətə gəlmək filan olmayıb. Bəs nə olub? Əlbəttə, əsas istək əbədi müxalifətdə əbədi qalmaqdır, “veteran müxalifətçi” statusunu qazanmaqdır. O adamlar üçün siyasi sistem dəyişməsə də olar, əsas odur “mən demişdim” kimi deməyə sözləri çox olsun. Fəqət Etibar Məmmədov heç bunu da bacarmadı.

Başqa sözlə, siyasətdə iki cür adam var: Ya böyük cümlələrin adamı olursan, ya da böyük dəyişikliklərin. Etibar Məmmədov bunların heç biri deyil.

Bir adam təsəvvür edin, ucu-bucağı görünməyən səhrada vacib bir şey, daha dəqiq, kompas satır. Ancaq adam tapmır. Bax o adam Etibar Məmmədovdur.

Bəzən kiminsə haqqında danışanda deyirlər ki, bəs bu dünyadan, bu səhnədən, bu yerdən bir filan kəs gəldi keçdi. Etibar Məmmədov haqqında bunu da demək olmur. Bilmirsən, keçib, ya hələ gəlməyib, ya da gəlib, ancaq özümü gizlənir.

Orxan Saffari

Gununsesi.info


Geri qayıt