Əsas Səhifə > Güney Press > Müəllimlərin maaşı yeni qayda ilə
Müəllimlərin maaşı yeni qayda iləBu gün, 17:28 |
|
Azərbaycan Respublikasının Təhsil İnstitutu bölgələrdə təhsil ictimaiyyəti ilə dialoqun genişləndirilməsi məqsədilə müəllimlərlə silsilə görüşlərə başlayıb. Təhsil İnstitutunun məlumatına görə, görüşlərin məqsədi bölgələrdə çalışan müəllimlərin tədris prosesi ilə bağlı fikirlərini dinləmək, onları maraqlandıran sualları cavablandırmaq və mövcud çətinlikləri müzakirə etməkdir. Müxtəlif regionlarda mütəmadi təşkil olunacaq görüşlərin ilk mərhələsində Azərbaycan dili və ibtidai sinif müəllimləri ilə dialoqlar keçirilir. Bu çərçivədə ilk görüşlər artıq Quba və Gəncə şəhərlərində baş tutub. Görüşlər zamanı dərsliklərin məzmunu, metodik vəsaitlərin tətbiqi, kurikulumun icrası, qiymətləndirmə mexanizmləri və şagirdyönümlü yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb. Müəllimlər dərslərin daha səmərəli təşkili, şagird nailiyyətlərinin artırılması və valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi ilə bağlı təkliflərini səsləndiriblər. Səsləndirilən rəy və təkliflər müzakirə olunub, müəllimlərin peşəkar inkişafına dəstək istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Qeyd edək ki, müəllimlərlə silsilə görüşlərin keçirilməsi müsbətt addım olsa da onların mövcud problemlərinin həlli də vacib məqamlardan biridir. Son illər müəllimləri ən çox narahat edən amillərdən biri də maaşlarının sertifikasiyada toplanan bala uyğun artırılmasıdır. Yəni müəllimlər təklif edirlər ki, bala uyğun olaraq maaş da fərqlənsin. Məsələn, 60 bal toplayanlar 45 bal toplayanla eyni maaşı almaq istəmir. Beləliklə, müəllimlər hər bala uyğun maaşın tətbiq olunmasını təklif edirlər. Bu təklifin reallaşması mümkündürmü? Məsələ ilə bağlı təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a bildirib ki, bəzi islahatlar nəticəsində orta məktəb müəllimlərinin maaşları artırılsa da, bir sıra problemlər var: “Belə ki, hazırda müəllim işləyən şəxs sertifikasiya imtahanında mümkün 60 baldan 30-50 bal arası toplayanlar maaşın 10 faizini, 50-dən 60-a kimi bal toplayanlar isə maaşının 35 faizini əlavə kimi alırlar. Yəni 50 balı toplayan, sualların 83.3 faizinə düzgün cavab vermiş müəllimin maaşı 10 faiz artırılır. Belə qənaət hasil olur ki, Elm və Təhsil Nazirliyi üçün 30 və 50 bal eyni əhəmiyyət daşıyır, fərq yaratmır. Bu, necə hesablama, hansı məntiqdir? Bu, anormal hesablamadır, hətta beynəlxalq standartlara belə uyğun gəlmir. Əgər bal nəzərə alınmırsa, müəllimlər 31 bal üçün çalışardılar”. Ekspert bu məsələ ilə bağlı öz təkliflərini bildirib: “Elm və Təhsil Nazirliyinə başqa bir differensial hesablama qaydası təklif edirəm. Bu, həm hüquqi, həm də ədalətli olardı. 31-35 bal toplayan müəllimlərin maaşı 10 faiz, 36-40 bal toplayanların 15 faiz, 41-48 bal toplayanların 25 faiz, 49-54 bal toplayanların 30 faiz, 55-60 bal toplayanların maaşı isə 35 faiz artırıla bilər. Burada rəqəmlərlə aşağı-yuxarı olmaqla azca dəyişiklik olar. Əsas məsələ odur ki, müəllim əməyi ilə oynanılmasın”. Geri qayıt |