Əsas Səhifə > Güney Press > Gömrük “brokeri” üçün lisenziya tələbinin ləğvi bazara necə təsir edəcək?

Gömrük “brokeri” üçün lisenziya tələbinin ləğvi bazara necə təsir edəcək?


Bu gün, 15:27

Gömrük Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən gömrük təmsilçiliyi üçün lisenziya tələbinin aradan qaldırılması bazarda rəqabəti artıra bilər.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.

Onun sözlərinə görə, yeni şirkət və fərdi sahibkarların bu sahəyə daxil olması asanlaşacağı üçün xidmətlərin qiymətində ucuzlaşma və xidmət keyfiyyətində yaxşılaşma ehtimalı yaranır:

“Bu da idxal və ixrac əməliyyatlarının xərclərini azaldaraq sahibkarların fəaliyyətini daha çevik edə bilər.

Digər tərəfdən, bazara girişin sadələşdirilməsi kiçik və orta biznes üçün əlavə imkanlar yarada bilər. Daha çox iştirakçı olduğu halda logistika və gömrük xidmətləri sektorunda məşğulluq da arta bilər. Xarici ticarət əməliyyatlarının sürətlənməsi iqtisadi aktivliyə müsbət təsir göstərə bilər”.

Bununla yanaşı ekspert deyir ki, lakin müəyyən risklər də mümkündür: “Lisenziya tələbinin olmaması bəzi hallarda peşəkar hazırlığı zəif olan vasitəçilərin fəaliyyətə başlamasına səbəb ola bilər. Bu isə sənədləşmə səhvləri, qanun pozuntuları və gömrük nəzarətində problemlər yarada bilər. Əgər nəzarət mexanizmləri kifayət qədər güclü olmazsa, kölgə iqtisadiyyatı və qeyri-rəsmi fəaliyyət riskləri də arta bilər.

Ümumilikdə isə bu dəyişiklik düzgün nəzarət və şəffaf qaydalarla müşayiət olunarsa, ticarət xərclərinin azalmasına və iqtisadi fəallığın artmasına müsbət təsir göstərə bilər”.


Geri qayıt