Əsas Səhifə > Güney Press > Moskva Güney Qafqazdan gözünü çəkmir
Moskva Güney Qafqazdan gözünü çəkmirBu gün, 10:50 |
|
“Rusiya regiondakı proseslərlə sıx bağlıdır, ona görə də Cənubi Qafqaz onun üçün həyati əhəmiyyət kəsb edir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB Ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin TASS-a müsahibəsində bildirib. Onun sözlərinə görə, Moskvanın maraqları Rusiyanın sadəcə qonşu deyil, həm də “Qafqaz gücü” olmasından irəli gəlir. “Biz regiondakı bütün dövlətlərlə ən yaxın tarixi və mədəni əlaqələri bölüşürük. Əhəmiyyətli nəqliyyat yolları regiondan keçir. Qısası, Cənubi Qafqaz bizim üçün həyati əhəmiyyət daşıyır”, - o qeyd edib. Diplomata görə, Rusiyanın əsas marağı “regionu inkişaf etdirmək, onun iqtisadi potensialını açmaq” və orada “sabitlik və sülh kəməri" yaratmaqdır. “Bölgənin çiçəklənməsinə töhfə verən şey Rusiyanın rifahına da töhfə verir. Bu, bizim hərəkətlərimizin sadə məntiqidir. Bu məntiqə uyğun olaraq, biz regiondakı silahlı münaqişələrə davamlı olaraq qarşı çıxır, blokadaların aradan qaldırılmasını dəstəkləyir və hər bir ölkənin öz coğrafi mövqeyindən yararlana bilməsi üçün regional əlaqənin ortaq arxitekturasını qurmaq üçün səylə çalışırıq. Biz istəyirik ki, Cənubi Qafqaz iqtisadiyyatı sərbəst nəfəs alsın. Bu, bizim üçün faydalıdır”, - Kaluqin vurğulayıb. XİN-in departament direktoru həmçinin bildirib ki, “məhz buna görə 2020-ci ildə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan arasında müharibəyə son qoymaq üçün şəxsi səylər göstərib. Bakı ilə İrəvan arasında sülh prosesinin təməli də həmin dövrdə qoyulub. Proses artıq bir neçə mərhələdən keçib, lakin 2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə edilən razılaşmalar əsasında hazırlanmış “yol xəritəsi” ilə davam edir”. İlk baxışda qulağa xoş gələn bu açıqlamalar əslində necə oxunmalıdır? Doğrudanmı Moskva regionda yeni toqquşmalar istəmir, sülh, qarşılıqlı əməkdaşlıq və inkişafın tərəfdarıdır? Başqa yandan, rusiyalı diplomat faktiki neçə ildir işləməyən üçtərəfli anlaşmaları (2000-2022) niyə yada salır və hətta onları Bakı-İrəvan danışıqlarında “yol xəritəsi” kimi təqdim edir? Professor Qabil Hüseynli Rusiya rəsmisinin sözlərini iki cür şərh edir. Onun fikrincə, müharibə Rusiyanı pozitiv bəyanatlar verməyə məcbur edir. Politoloqa görə, ikinci səbəb isə əlacsızlıqdır: "Rusiya Cənubi Qafqazda formalaşan yeni reallıqları dəyişə bilmir. Əlbəttə, Moskva istərdi ki, bölgənin siyasi-hərbi arxitekturası onun çizdiyi mənzərədən ibarət olsun. Amma münaqişə, sanksiyalar, hegemonluğun itirilməkdə olması müdaxilə imkanlarını məhdudlaşdırır. Ona görə Rusiya bölgədəki iqtisadi, logistik layihələrdən yararlanmaqla Cənubi Qafqazda mövcudluğunu qoruya bilər. Bu bəyanatların ruhu da məhz ona köklənib. Yəni Rusiya heç də səmimi deyil, sadəcə, çarəsizdir. Halbuki səmimi yanaşa bilər. Bunun üçün doktrinasını dəyişməlidir. Söhbət hərbi yox, iqtisadi doktrina ilə bizim regionda qala bilməkdən gedir. Ölkələri təhdid və təzyiqlə öz əsarətində saxlamaq siyasəti artıq nəticə vermir. Bunun ən böyük nümunəsi Ukrauynadır. Odur ki, Rusiya Azərbaycanla Ermənistan arasındakı razılaşmaları qəbul edəcək, sülh gündəminə uyğunlaşmaq məcburiyyətində qalacaq". Professor hesab edir ki, Rusiyanın Cənubi Qafqazda əvvəlki təsirləri bir daha olmayacaq: "Bunun bir səbəbi Qarabağ münaqişəsinin yekunlaşmasıdır. Bəzi dairələr bu mövzunu qurdalamağa çalışır, lakin Paşinyanın mövqeyi kifayətdir ki, üçüncü tərəf müdaxilə edə bilməsin. İkincisi, Azərbaycan güclənib, qətiyyətli lideri və təcrübəli ordusu var. Bundan başqa, Cənubi Qafqazda Rusiya dominant deyil, çünki Avropa İttifaqı və ABŞ, hətta Çin təsirlərini artırıb. Nəhayət, Ukrayna münaqişəsi Rusiyanı yorub. Artıq 90-cı illər deyil. Bu baxımdan, verilən son bəyanatı Rusiyanın məcburiyyətdən hesablaşması kimi qiymətləndirirəm". Musavat.com Geri qayıt |