Əsas Səhifə > Güney Press > Səhnəyə çıxanda səhnənin çıxmağa yer axtardığı müğənni
Səhnəyə çıxanda səhnənin çıxmağa yer axtardığı müğənniBu gün, 12:49 |
|
Azərbaycan səhnəsində yüz il sonra da heç bir xatirəsi qalmayacaq, İslama isə heç vaxt aidiyyəti olmayan Xatirə İslamın, elə həm də bugünki musiqiyə, estradaya dəxli yoxdur. Başqa cür desək, Xatirə İslamın adı özündən və musiqisindən məşhurdur. Baxmayaraq ki, min yeddi yüz on altı ildir əlində mikrafon çıxmadığı səhnə qalmayıb, ancaq indiyə qədər heç bir brend olan mahnısı da yoxdur. Nəinki brend, məsələn, estetik əməliyyatdan dünən çıxmış Allahın Kəmalə Günəşlisi kimi mənasız bircə trenddi belə yoxdur. Ona çox rahatlıqla mahnı ilə xatırlanmayan müğənni də demək olar. Bəs yaxşı, onda Xatirə İslama nə ehtiyac var? Gəlin, təsəvvür edək ki, Xatirə İslam adı musiqimizdə yoxdur. Nə itirdik? Heç nə deməyin. Məsələn, xeyli mənasız mahnı itiririk. Mənə həmişə o da maraqlı olub ki, kimsə öz toyuna müğənni çağıranda onu niyə çağırmaq istəyib? Nə deyib çağırıblar, gəlsin hansı mahnını oxusun? Axı Xatirə İslamın üzünə baxanda adam yorulur, o bir məclisi necə şənləndirə bilər ki? Bəlkə də, belə olur. Toy sahibi müğənni tapa bilmir, tapdıqlarına imkanı çatmır, restoran sahibinə deyirlər ki, “əşşi, indi kimsə oxusun da”. Restoran sahibi də vaxt itirmədən Xatirə İslama deyir. Xatirə İslam adı çəkiləndə adamın ağlına qalmaqallar gəlir, ancaq heç o qalmaqalları da xatırlamırsan. Bilirsən ki, nə vaxt, hardasa kimlərləsə mübahisəsi olub, nəsə deyib, qışqırıb. Amma heç maraqlanmaq da istəmirsən. Oxuduğu mahnılar heç nə ifadə etmədiyi, heç bir məclisə lazım olmadığı kimi, məişət məsələləri də heç nə ifadə etmir və heç kimə maraqlı olmur. Adama elə gəlir ki, hətta Xatirə İslam özü özü ilə də dalaşır. Xatirə İslamın təkcə oxumağı yox, adicə danışmağı da adamın əsəblərinə toxunur. Oxuyanda “sən canı oxuma, danış” deyirsən, danışanda da, “sən canı, sus, oxu”. Xatirə İslamın adına özünün yalan dediyi xəbərlər də yayılır. Ancaq bu xəbərlərin həqiqəti əks etdirib-etdirməməyi heç kimə maraqlı olmur. Ara yerdə yenə Xatirə İslamın özü əsəbiləşir. Bəli, Xatirə İslamın səsi var, ancaq o səs ancaq hamıdan olandan, sadəcə danışmaq üçündür. Xatirə İslam estetik olaraq da səhnəyə yaraşmır. O səhnəyə çıxanda səhnə özü də çıxmağa yer axtarır. Adam var, ayağının altından yer, Xatirə İslamın da ayağının altından səhnə qaçır. Onun oxuduğu mahnılar Azərbaycan musiqisində sadəcə iştirak edir. İz qoymaqdı, insanın ruhunu oxşamaqdır, yaddaşlara köçməkdir – qətiyyən bunların ona dəxli yoxdur. Xatirə İslamın adı çəkiləndə mahnı filan ağıla gəlmir. Ağıla gələn ilk sual bu olur: “Sən canı, yenə nə olub?”. Başqa sözlə, bəzi müğənnilər sənətə xidmət edir, bəziləri isə sənətdən istifadə edir. Xatirə İslam isə bunların heç birini edə bilmir. Əli aşından da olub, Vəli aşından da. Tək-tük müğənnilərdəndir ki, nə musiqimizə xeyri dəyib, nə də musiqinin ona. Xatirə İslam mahiyyətcə o qədər uğursuz adamdır ki, sənətdə necəsə qalmaq, xatırlanmaq üçün daim İslam Rzayevin adına, kölgəsinə sığınır. Hətta İslam adının ona görə götürdüyünü belə yalan olduğunu deyənlər var. Ancaq Xatirə İslam hər nə qədər İslam Rzayevin adının kölgəsinə daxil olmaq istəsə də, mərhum sənətçinin ailəsi bu barədə demişdi: “Biz tövsiyə edərdik ki, müğənni Xatirə sənət aləmində İslam Rzayevin başqa tələbələri kimi öz adı, istedadı, ifa üslubu ilə tanınsın. İslam təxəllüsünü isə öz soyadından götürsün. Yerli-yersiz İslam Rzayevin adını çəkməklə nə özünü nüfuzdan salsın, nə də İslam Rzayevin ruhuna və bizlərə narahatlıq gətirsin”. Orxan Saffari Geri qayıt |