Əsas Səhifə > Güney Press > Əliyevin 22 illik planında yeni vəziyyət: Cəbrayıl və Zəngilanın statusu dəyişir
Əliyevin 22 illik planında yeni vəziyyət: Cəbrayıl və Zəngilanın statusu dəyişirBu gün, 13:05 |
|
Prezident İlham Əliyevin 9-10 may tarixlərində Cəbrayıl və Zəngilan rayonlarına etdiyi səfər təkcə yeni yaşayış məntəqələrinin açılışı və infrastruktur obyektlərinin istifadəyə verilməsi ilə məhdudlaşmır. Bu səfər, əslində, Azərbaycanın regional inkişaf strategiyasının mahiyyətini, dövlətin iqtisadi-siyasi iradəsini və postmünaqişə dövrü üçün formalaşdırdığı yeni inkişaf fəlsəfəsini aydın şəkildə ortaya qoydu. Prezidentin işğaldan azad olunmuş ərazilərə hər səfəri kimi budəfəki ziyarət də konkret bir mesajlar ilə yadda qaldı. Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru təkcə bərpa etmir, bu ərazilərdə ölkənin gələcək iqtisadi modelini qurur. Uzun illər ərzində regionların sosial-iqtisadi inkişafı Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. 2004-cü ildən başlayaraq həyata keçirilən dövlət proqramları nəticəsində ölkənin bütün bölgələrində yol, elektrik, qaz, su, rabitə, məktəb, xəstəxana və sənaye infrastrukturu yenidən quruldu. Bu siyasət nəticəsində Bakı ilə regionlar arasında inkişaf fərqi minimuma endirildi. Lakin işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq prosesi klassik regional inkişaf modelindən daha geniş məna daşıyır. Burada məqsəd sadəcə dağıdılmış əraziləri bərpa etmək deyil. Məqsəd sıfırdan, ən müasir texnologiyalara əsaslanan, dayanıqlı, rəqəmsal və yüksək həyat standartlarına malik yeni iqtisadi və sosial məkan yaratmaqdır. Bu gün Cəbrayıl və Zəngilan artıq Azərbaycanın regional inkişaf siyasətinin laboratoriyasına çevrilib. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirakı “Böyük Qayıdış” proqramının növbəti mühüm mərhələsinin başlanğıcı oldu. Şükürbəyli kəndi təkcə yaşayış məntəqəsi deyil. Bu kənd Azərbaycanın məcburi köçkün siyasətinin uğurla yekunlaşmasının və dövlətin öz vətəndaşına verdiyi vədi yerinə yetirməsinin canlı təcəssümüdür. Kəndə ümumilikdə 2522 nəfərin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə 635 fərdi ev istifadəyə verilib. Burada iki uşaq bağçası, məktəb, musiqi məktəbi, həkim məntəqəsi, klub-icma mərkəzi, inzibati bina və bütün mühəndis-kommunikasiya sistemləri yaradılıb. Bu fakt bir daha göstərir ki, dövlətin məqsədi sadəcə insanları doğma torpaqlarına qaytarmaq deyil. Məqsəd onların yüksək həyat standartları ilə təmin olunmasıdır. Prezidentin açılışını etdiyi 360 şagird yerlik məktəb və tikintisi ilə tanış olduğu 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası dövlətin sosial infrastruktur siyasətinin strateji xarakter daşıdığını göstərir. Məktəb müasir laboratoriyalar, informatika otaqları, idman zalları və kitabxana ilə təchiz olunub. Bu, bölgədə yetişəcək yeni nəslin Bakı və dünyanın istənilən şəhərində təhsil alan yaşıdlarından geri qalmayacağını göstərir. Xəstəxana isə regionun səhiyyə xidmətləri baxımından tam təmin olunmasına imkan verəcək. Müasir tibbi avadanlıq və geniş şöbə şəbəkəsi Qarabağda yeni həyatın yalnız fiziki deyil, sosial təminat baxımından da təhlükəsiz əsaslar üzərində qurulduğunu sübut edir. Prezident İlham Əliyevin Şükürbəyli sakinləri ilə söhbəti zamanı səsləndirdiyi fikirlər regionun gələcək iqtisadi ixtisaslaşmasını açıq şəkildə göstərdi. Dövlət başçısı bağçılıq, üzümçülük, taxılçılıq, baramaçılıq və heyvandarlığın dövlət dəstəyi ilə inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Bu, təsadüfi deyil. Cəbrayıl tarixən kənd təsərrüfatı potensialı ilə seçilib və müasir texnologiyaların tətbiqi bu potensialı bir neçə dəfə artırmağa imkan verir. Ağalı kəndində yetişdirilən məhsulların artıq ixrac edilməsi göstərir ki, işğaldan azad edilmiş ərazilərdə yaradılan aqrar model kommersiya baxımından da uğurludur. Bu, kənd təsərrüfatının yalnız məşğulluq vasitəsi deyil, həm də ixrac və valyuta gəlirləri yaradan strateji sektora çevriləcəyini göstərir. Cəbrayıl rayonunun Soltanlı kəndində 330 kV-luq “Şəfəq” yarımstansiyasının açılışı Azərbaycanın enerji siyasətində yeni mərhələnin rəmzidir. Bu yarımstansiya “bp” şirkətinin inşa etdiyi 240 meqavat gücündə günəş elektrik stansiyasını ölkənin enerji sisteminə inteqrasiya edir. Layihə dövlət və özəl sektor əməkdaşlığının uğurlu nümunəsidir. Ən önəmli məqam odur ki, Cəbrayılda istehsal edilən yaşıl enerji təkcə regionun tələbatını ödəməyəcək. Bu enerji ümumi şəbəkəyə qoşularaq hətta Səngəçal Terminalı kimi strateji obyektlərin təminatında istifadə olunacaq. Bu, Cəbrayılın artıq istehlakçı deyil, enerji istehsal edən strateji bölgəyə çevrildiyini göstərir. “Şəfəq” layihəsi bir neçə baxımdan xüsusi əhəmiyyət daşıyır: Birincisi, bu, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk iri sənaye miqyaslı günəş enerjisi layihəsidir. İkincisi, layihə birbaşa xarici investisiyanın uğurlu nümunəsidir. Üçüncüsü, karbon emissiyalarının azaldılması, təbii qaza qənaət və bərpaolunan enerjinin payının artırılması baxımından strateji əhəmiyyət daşıyır. Dördüncüsü, layihə Azərbaycanın COP29 sonrası dövrdə iqlim öhdəliklərinə sadiqliyini nümayiş etdirir. Başqa sözlə, Cəbrayılda qurulan enerji infrastrukturu lokal layihə deyil, Azərbaycanın qlobal enerji transformasiyasının bir hissəsidir. Mayın 10-da Prezident İlham Əliyevin Zəngilan şəhərində 104 mənzilli ilk yaşayış kompleksinin açılışında iştirakı regionların inkişafının yalnız kəndlərlə məhdudlaşmadığını göstərdi. İki hektardan artıq ərazidə inşa olunan kompleksdə 12 bina, uşaq və idman meydançaları, velosiped zolağı, yeraltı və yerüstü dayanacaqlar yaradılıb. Bu layihə Azərbaycanın şəhərsalma yanaşmasının dəyişdiyini göstərir. Yeni yaşayış məkanları yalnız binalardan ibarət deyil; onlar sosial həyat, rahatlıq və insan mərkəzli planlaşdırma prinsipləri əsasında qurulur. Prezident İlham Əliyevin Cəbrayılın gələcəyinə dair fikirlərində nəqliyyat məsələsinə xüsusi yer verməsi təsadüfi deyil. Zəngəzur dəhlizinin tərkib hissəsi olan dördzolaqlı avtomobil yolu regionun geoiqtisadi rolunu kökündən dəyişəcək. Cəbrayıl və Zəngilan sadəcə sərhəd rayonları deyil. Onlar Azərbaycanı Türkiyə, İran və daha geniş Avrasiya bazarları ilə birləşdirən logistika mərkəzlərinə çevrilir. Bu isə regionların inkişafını yalnız daxili sosial siyasətin elementi deyil, beynəlxalq iqtisadi strategiyanın tərkib hissəsinə çevirir. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq prosesi Azərbaycanın dövlət idarəçiliyi modelinin effektivliyini nümayiş etdirir. Qısa müddət ərzində yaşayış məntəqələrinin, məktəblərin, xəstəxanaların, enerji obyektlərinin və yolların tikilməsi dövlətin maliyyə gücünü, institusional imkanlarını və siyasi iradəsini göstərir. Prezident İlham Əliyevin şəxsən bu prosesə rəhbərlik etməsi isə regional inkişaf siyasətinə verilən siyasi önəmi təsdiqləyir. Cəbrayıl və Zəngilan bu gün Azərbaycanın ən böyük inkişaf platformasına çevrilib. Burada aqrar istehsal, yaşıl enerji, logistika, rəqəmsal infrastruktur, müasir şəhərsalma və sosial xidmətlər vahid konsepsiya daxilidə formalaşdırılır. Bu rayonlarda qurulan model gələcəkdə ölkənin digər bölgələri üçün də nümunə olacaq. Əgər XX əsrin sonu Qarabağın işğalı ilə yadda qaldısa, XXI əsrin ilk yarısı bu torpaqların dünyanın ən müasir inkişaf zonalarından birinə çevrilməsi ilə tarixə düşəcək. Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. Mövzu: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi.
Geri qayıt |