Əsas Səhifə > Güney Press > “Onlar narazıdır, incik düşüblər, Şəfiqə xanım seçilməlidir, başqalarının jek müdirinin yanında da hörmətləri yoxdur”
“Onlar narazıdır, incik düşüblər, Şəfiqə xanım seçilməlidir, başqalarının jek müdirinin yanında da hörmətləri yoxdur”Bu gün, 11:33 |
|
“Azərbaycan Kinematoqrafçılar İttifaqında 3 gün öncə keçirilən görüşdə sadəcə olaraq qurultayın keçiriləcəyi vaxt müəyyənləşdi. Vəssəlam! May ayının sonunda qurultayın tarixi də açıqlanacaq. Namizədləri indi açıqlaya bilmərik. Əgər namizədlər varsa və açıqlanırsa bu artıq qanun pozuntusudur. Qurultayda hər şey buraxılır, namizədlər açıqlanır və idarə heyətinin sədrləri yenidən seçilir. Kimin kimləsə münasibəti yaxşıdır, deyirlər ki, filankəs seçilsin, bəhmənkəs seçilsin. Mənim də adımı hallandırırlar. Bütün bunların hamısı yalandır və rəsmi deyil”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Əbdül Mahmudbəyov bildirib.
O daha sonra əlavə edib:
“Bu gün Azərbaycan kinosu pis vəziyyətdədir və onu bu ağır yükdən azad etmək üçün dövlət, rəsmi strukturlar yanında, xalq və cəmiyyət arasında nüfuzu olan şəxs sədr seçilməlidir. O şəxs həm prezident, həm nazirlər, həm də dövlət tərəfindən qəbul olunmalıdır. Belə bir şəxsiyyət Şəfiqə Məmmədovadır. Elə adamlar danışırlar ki, onların heç jek müdirinin yanında hörmətləri yoxdur. Onlar kinoya nə xidmət edəcək, nə dəstək verəcək?! Şəfiqə xanım xalq artistidir, dövlət mükafatlarına layiq görülüb, nüfuzlu qadındır, professor və kafedra müdiridir. Mən kinonun taleyini düşündüyüm üçün əsaslandırıb Şəfiqə xanımın adını deyirəm. Başqaları da əsaslandıra bilirsə buyursunlar. Şəfiqə xanım ittifaqa rəhbər təyin olunacaq, bundan sonra ora nüfuzlu insanlar gələcəklər. Xalq artistləri, tanınmış kino xadimləri ətrafında olacaq. Küçədən gələn uşaq-muşaq kinonun taleyini necə həll edə bilər ki?! Azərbaycanda bu gün göz önündə olan Oqtay Mirqasımov, Ayaz Salayev, Elxan Cəfərov, Cəmil Quliyev, Rafiq Qəmbərov görürsünüz ki, ittifaqa yaxın gəlmir. Çünki narazıdırlar. Şəfiqə xanım sədr seçilsə əlbəttə ki, bunlar hamısı onun ətrafında yığılacaqlar. Çox möhtəşəm bir komanda olacaqlar. Bu adlarını çəkdiyim insanlar o vaxtkı seçkilərdən incik düşdülər. Daha sonra qarşıdurma oldu. Çəkildilər kənara, narazılıqlarını bildirdilər. Həm də inamsızlıq yarandı. Rasim müəllim bir az xəstə idi, işləyə bilmirdi, çətinlikləri var idi. Bundan sui-istifadə edən insanlar ortaya çıxmışdı. Bu insanlar öz adlarını, sənətlərini üstün tutdular və kənarda qaldılar. Başıpozuq yerə girişməyin mənasının olmadığını bilirdilər”.
Geri qayıt |