Əsas Səhifə > Güney Press / Partiya > "Bu iş belə olmur, “ictimai saziş” pozulur..."

"Bu iş belə olmur, “ictimai saziş” pozulur..."


Bu gün, 08:15

"Publik çıxışlarımda, bəzi yazılarımda bir neçə dəfə bu mövzuya ötəri toxunmuşam, ona görə də, istədim ki, bir daha geniş müzakirəyə açım..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Qədim zamanlardan üzü bəri hakimiyyətlə xalq(lar) arasında yazılı-yazılmamış “ictimai müqavilələr” olur və istənilən səbəbdən müqavilə “şərtləri” pozulanda “inqilabi” vəziyyət yetişir. Bu şərait şərt deyil ki, aşağıdan yetişsin, əksinə, çox zaman elitanın müxtəlif qolları öz arasında anlaşa bilməyəndə, şərtlər pozulanda xalqın dəstəyi ilə, və ya, xalqdan istifadə etməklə yeni “müqavilə” yazmağa çalışır.
Tarixə ekskurs etməyəcəm, amma, SSRİ-nin dağılmasından tutun da, bu gün müxtəlif ölkələrdə baş verən-verəcək hadisələr bu tezisi sübut edir.
SSRİ insanların haqq və azadlığını əlindən almışdı (seçki, fikir azadlığı, özəl mülkiyyət və s.), amma əvəzində hekayə (idiologiya) təqdim etməklə yanaşı, pulsuz ev, maşın paylayırdı, “bərabərlik” görüntüsü yaratmağa, hamını işlə təmin etməyə, pulsuz təhsil-səhiyyə xidməti verməyə çalışırdı. İnsanın təbiətinə zidd olan bu sistem bir çox səbəbdən, amma, həm də “ictimai sazişin” pozulduğuna görə dağıldı – alınan azadlıqların əvəzinə sonda ət-yağı talonla, boş piştaxtalarla “ödəməyə” başladı, partiya-məmur elitası kəskin varlandı, cəmiyyətlə iqtisadi qeyri-bərabərlik yaranması ilə yanaşı, hekayə ilə reallıq ziddiyət təşkil etdi. Sonda elitanın bir qrupu xalqdan (xalqlardan) istifadə edərək oyun qaydalarını dəyişdi və SSRİ, şükür ki, dağıldı.
Bu gün başqa avtoritar, sərt rejimlərin, sistemlərin timsalında da tezisi izah etmək olar: Məsələn, Körfəz ölkələrinin monarxiyaları vətəndaşlarının bir çox hüquq və haqlarını məhdudlaşdırıb, amma, əvəzinə onlara rifah, özəl mülkiyyətin qorunmasını təmin edib – nə qədər ki, Körfəz monarxiyaları bu sazişə sadiq qalacaqlar, nə qədər ki, rifah yüksək olacaq, bir o qədər də sabitlik təmin ediləcək.
Körfəzin tam qarşısında isə İran adlı dövlət var – SSRİ-yə çox bənzər sistemi, hekayəsi və qaydaları var, ən böyük fərqi özəl mülkiyyətin mövcudluğudur, amma, oxşarlıqlar daha çoxdur.
İranın bu gün hələ də ayaqda olan, amma, daxili tranformasiyaya uğrayan sistemi xalqdan, insanlardan haqq və hüquqları alıb, amma, əvəzinə Rifah təmin edə bilməyib, tam tərsinə, iqtisadi çöküş, inflyasiya, kasıblıq, işsizlik insanları tez-tez etiraza qaldırıb. Bu gün İrana xarici təcavüz, qanunsuz və eybəcər müdaxilə var deyə, xalq dövlətinin yanındadır. Amma, elita parçalanıb, ideoloji hekayəyə söykənən, sərt repressiyalara arxalanan “ictimai saziş” kökündən pozulub. Bu gün İran elitasının bir hissəsi (ümumiləşdirib adını “silahlı elita” qoyaq) müharibə və gərginliyin davamında çox maraqlıdırlar, çünki, müharibədən çixmaq üçün yol xəritəsi yoxdur, gərginlik özü ayaqda qalma “strategiyasına” çevrilib. Gərginlik bitən kimi elitanın digər hissəsi (şərti olaraq sivil (silahsız) qanad), iqtisadi çətinliklərin qapanaraq çözülə bilməyəcəyini, rifahın gün-gündən düşməsi sonda idarəolunmaz proseslərə səbəb ola biləcəyini bilir, ona görə də, idarə olunan və xalqdan istifadə ediləcək yeni “ ictimai saziş” hazırlamağa çalışacaq, bunu həm də ona görə edəcək ki, “sivil elita” da Dövlətçildir, İranın bötövlüyünü qorumaq istəyir. Buna görə də dini “elitanı”, millətçi “elita” əvəz edəcək – bu coğrafiyada insanları ya din, ya millətçilik birləşdirə bilər.
Rusiyada da eyni vəziyyətdir – Putin “ictimai sazişi” pozur, iqtisadi elita artıq bezib, xalq isə ona mandat vermişdi ki, onlara birbaşa təsiri olmayan müharibə aparsın, özəl mülkiyyətə dəyməsin, vergiləri qaldırmasın, interneti kəsməsin, xaricdə dincəlmək ənənələri pozulmasın. İndi bütün bu şərtlər pozulur, ona görə də, Rusiya da yeni “ictimai sazişə” hamilədir.
Yazdığım bütün ölkələrə, o cümlədən, bizə də aiddir – haqq və hüquqlar məhdudlaşdırılırsa, o zaman əvəzinə Rifah təqdim olunmalıdır. Həm haqqları məhdudlaşdırmaq, həm də vergi-rüsum-cərimələri artırmaq, iqtisadi aktivliyi zəiflətlək olmaz – bu iş belə olmur, “ictimai saziş” pozulur..."

Geri qayıt