Əsas Səhifə > Güney Press > "Ulu Öndər təmkin və anlayış nümunəsi idi..."
"Ulu Öndər təmkin və anlayış nümunəsi idi..."Bu gün, 12:10 |
|
“Mənim Ulu Öndər Heydər Əliyev haqda silsilə filmlərim var. Mərkəzi televiziyadan efirə gedən bütün verilişlərin 80 faizini Bakıda mən hazırlayırdım. Onun mənə böyük dəstəyi, münasibəti olub. Mənə öz oğlu kimi baxırdı. Hansı səfərlərə gedirdisə bütün verilişlərini mən hazırlayırdım. Onun ölümü mənə olduqca çox pis təsir etdi. Uzun müddət özümə gələ bilmədim”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, televiziya rejissoru Vasif Babayev deyib.
O daha sonra əlavə edib:
“Ulu Öndərlə daim görüşürdük, məsləhətlərini alırdım. O elə bir şəxsiyyət idi ki, təkcə özü məsləhət verməyi sevməzdi.. Oturub bizi dinləyirdi.. Onun qədər televiziyanı bilən, dərk edən, sevən, televiziya rejissoruna, diktoruna, sadə televiziya işçisinə diqqət göstərməyi bacaran ikinci bir şəxs tanımıram. Yeri gələndə bizdən də məsləhətlər alardı. Onunla bağlı o qədər xatirələrim var ki.. Nəinki Ulu Öndər, Zərifə xanım Əliyeva da mənə xüsusi diqqət və qayğı göstərib. Dəfələrlə ailə çəkilişlərini də mənə həvalə edirdilər”.
Vasif Babayev Ulu Öndərlə bağlı xatirələrindən bir neçəsini də bizimlə bölüşüb:
“Bir dəfə dedi ki, tədbir olacaq, mövzu da incəsənətlə, mədəniyyətlə bağlıdır. Məndən soruşdu ki, necə geyinsəm yaxşı olar?! Təsəvvür edirsiniz, o boyda dahi şəxsiyyət məndən məsləhət alırdı?! Heydər Əliyev həm də təmkinli insan idi. Bəzən olurdu ki, təltifetmələrdə hansısa görüntünü çəkə bilmirdim. Belə təltifetmə mərasimlərindən birində şair Rəsul Rzanın yaxasına orden taxılarkən lentə ala bilmədik. Mühafizəyə bildirdim ki, təqdimatı çəkə bilmədim. O dedi ki, “mən bu sözü desəm, hirslənər”. Dedim ki, axşam ekranda görməsə vəziyyət daha da pis olacaq. Fikirləşdim ki, özüm nəsə etməliyəm. Ucadan səsləyərək dedim ki, “yoldaş Əliyev, lent qurtardı, çəkə bilmədik”. Gülümsəyərək dedi ki, “Belə hallar olur, təzə lenti taxmağa neçə dəqiqə vaxt lazımdır?”. Cavab verdim ki, 3 dəqiqə olsa bəs edir. Ulu Öndər dedi ki, “10 dəqiqə olsun, işinizi rahat görün”. Ulu Öndər təmkin və anlayış nümunəsi idi. Yüzilliklər də keçsə, minilliklər də gəlsə onun kimi dahi bir şəxsiyyət nəinki Azərbaycana, heç yür üzünə də gəlməyəcək”, - deyə xalq artisti bildirib.
Geri qayıt |