Əsas Səhifə > Güney Press > Dünyanın 45 günlük aviasiya benzini EHTİYATI qalıb

Dünyanın 45 günlük aviasiya benzini EHTİYATI qalıb


Bu gün, 11:51

İran münaqişəsi qlobal bazarlara neft təklifində böyük azalmaya, bu isə ölkələrin öz ehtiyatlarından istifadəyə keçməsinə səbəb olub. Ehtiyatlardan istifadə ilə yanaşı, münaqişənin təsirlərinin uzunmüddətli olması ehtimalı fonunda neft istehlakının azaldılmasına da başlanıb. Bu isə bütün dünya boyu neft məhsulları istehsalının azalmasını şərtləndirib.
Musavat.com xəbər verir ki, “Financial Times” qəzeti Goldman Sachs analitiklərinin hesablamalarına istinadən təxminən 45 günlük qlobal neft məhsullarının – benzin, dizel və reaktiv yanacaq ehtiyatlarının qaldığına dair məlumat yayıb. Qeyd edilir ki, Asiya və Afrikada ehtiyatlar xüsusilə sürətlə tükənir. Bu fonda neftin qiyməti artmaqda davam edir və analitiklər ehtiyatlar kritik səviyyələrə çatdıqdan sonra xam neftin qiymətlərində kəskin artımın mümkünlüyü barədə xəbərdarlıq edirlər.

Nəşrə görə, qlobal neft ehtiyatları təkcə aprel ayında təxminən 200 milyon barel azalıb. Yəni gündə təxminən 6,6 milyon barel. Bu da normaldan xeyli yüksəkdir.

“Bu, normal diapazondan xeyli yüksək olan çox böyük bir rəqəmdir. Qaçılmaz bazar hesablaşması gəlir”, - S&P şirkətinin xam neft tədqiqatlarının rəhbəri Cim Burkhard bildirib.

Qeyd edək ki, Yaxın Şərqdə münaqişənin başlanğıcından bəri xam neftdən istehsal olunan təyyarə yanacağının qiyməti 80 faizdən çox artıb. Bu da öz növbəsində dünyanın hər yerindəki aviaşirkətləri bilet qiymətlərini qaldırmağa, uçuş mövcudluğunu azaltmağa və ya hər ikisini etməyə məcbur edir.

Ən bariz nümunə Amerikanın aşağı büdcəli daşıyıcısı Spirit Airlines-dir. 2 mayda şirkət fəaliyyətini tamamilə dayandırdığını elan edib. Bunun əsas səbəbi yanacaq qiymətlərinin "göy üzünə çıxması"dır.

Aviasiya təhlil mərkəzi Cirium-a görə, ABŞ və Çindən Yaponiyaya, Avstraliyaya və Avropanın böyük bir hissəsinə qədər dünya üzrə aviaşirkətlər 1 iyundan 30 sentyabra qədər cədvəllərindən 9,3 milyon yeri siliblər. Bu o deməkdir ki, yüz minlərlə, bəlkə də milyonlarla səyahətçi planlaşdırılan yerlərinə uça bilməyəcək və ya xeyli çox pul ödəməli olacaq. Yaxın Şərq xüsusilə ağır zərbə alıb. Daşıyıcılar hələ də İranın Dubay və Doha kimi regional mərkəzlərə hücumlarına cavab olaraq hava məkanının bağlanmasından əziyyət çəkirlər. Təkcə Qatar Airways iyundan oktyabr ayına qədər olan dövrdə iki milyon yeri silib. Emirates və Etihad Airways (BƏƏ) müvafiq olaraq 700.000 və 450.000 yeri azaldıblar.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş direktoru Villi Uolş xəbərdarlıq edib ki, Avropa və Asiyanın bəzi bölgələri qarşıdakı həftələrdə təyyarə yanacağı çatışmazlığı ilə üzləşə bilər: "Hamı təyyarə yanacağı ilə bağlı vəziyyəti izləyir. Hələlik yay mövsümü səyahət üçün adi məşğul vaxt olacaq. Lakin aviaşirkətlərin dayanıqlılığı yanacaq təchizatının və qiymətlərinin sabitləşməsindən çox asılı olacaq".

"Check-in Asia" şirkətinin direktoru Qari Bauerman hesab edir ki, qlobal aviasiya sənayesi "çətin bir neçə ay"la üzləşəcək. O qeyd edib ki, "Hörmüz boğazı sabah açılsa belə, bu müharibənin enerji infrastrukturuna və Fars körfəzindən gələn təchizata vurduğu dərin struktur təhrif qlobal aviasiya sektoruna, xüsusən də Avropa və Asiyaya uzun aylar, bəlkə də daha uzun müddət təsir edəcək".
Bir tərəfdən, yanacaq qiymətlərinin kəskin artmasına baxmayaraq, onlar hələ də 2007-2008-ci illər maliyyə böhranı dövründəki tarixi pik səviyyəsindən aşağıdadır. Digər tərəfdən, müharibənin sonu görünmür. Hətta döyüşlər bitsə belə, təyyarə yanacağının qiymətlərinin normal vəziyyətə qayıtması üçün aylar lazım ola bilər.

Və hətta bu baş versə belə, aviaşirkətlər qiymətləri dərhal əvvəlki səviyyələrinə endirməyəcəklər. Mütəxəssislər deyirlər ki, aviaşirkətlər sərnişinlərin uyğunlaşmağa və yüksək ödəniş etməyə hazır olduqlarını öyrəniblər. Əks təqdirdə, insanlar sadəcə evdə qalacaqlar.

İATA məlumatları da göstərir ki, qiymətlərin artmasına baxmayaraq, səyahətçilərin səyahətə olan həvəsi hələ də azalmayıb. Belə ki, mart ayında beynəlxalq sərnişin tələbi illik müqayisədə 0,6 faiz azalsa da, ümumi tələbat güclü daxili bazarlar səbəbindən 2 faizdən çox artıb. Bundan əlavə, Atmosphere Research Group tərəfindən mart ayında aparılan bir araşdırma, sərnişinlərin 11 faizinin qeyri-müəyyənlik və daha da yüksək qiymətlərdən qorxduğu üçün uçuşları adi haldan daha tez sifariş etdiyini göstərib.

Qeyd edək ki, yaranmış vəziyyət Azərbaycan üçün bir tərəfdən faydalıdır, digər tərəfdən isə çətinliklər yarada bilər. Belə ki, Azərbaycan aviasiya yanacağı ixracatçısı kimi qiymət artımından faydalanacaq. Ötən il ölkə 26,45 milyon ABŞ dolları dəyərində 26 min 970 ton aviasiya yanacağı ixrac edib. Dövlət Statistika Komitəsinin məlumatlarından aydın olur ki, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 61 faiz, kəmiyyət olaraq – 58 faiz azdır. Hesabat dövründə Azərbaycan ən çox Lüksemburqa - 11,2 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 62 faiz az) 13 min 898 ton (59 faiz azalma)aviasiya benzini ixrac edib. İkinci yerdə olan Rusiyaya 4,6 milyon ABŞ dolları dəyərində (64 faiz azalma ) 3 min 779 ton (63 faiz azalma), Türkiyəyə 3,1 milyon ABŞ dolları dəyərində (57 faiz azalma) 2 min 508 ton (57 faiz azalma), Amerika Birləşmiş Ştatlarına (ABŞ) 1,7 milyon ABŞ dolları dəyərində (5 dəfə artım) 1 min 814 ton (+7 dəfə artım), Fransaya 1,2 milyon ABŞ dolları dəyərində (4 dəfə artım) 1 min 284 ton (5 dəfə artım) yanacaq satılıb.

Bu ilin yanvar-fevral aylarında isə Azərbaycandan 39 milyon 655,89 min dollar dəyərində 37 360,6 ton reaktiv mühərriklər üçün yanacaq ixrac edilib. Bunun 13 min tondan çoxu Lüksemburqa, 6 119,96 tonu Rusiyaya, 4 788,96 tonu Türkiyəyə, 2038,45 tonu ABŞ-a, 1957,54 tonu Avstriyaya, 1743,57 tonu Fransaya və sair reallaşdırılıb.

Müqayisə üçün qeyd edək ki, ötən ilin ilk 2 ayında bu məhsulun idxalı cəmi 0,49 tona, ixracı isə 64,85 tona bərabər olub.

Beləliklə, aviasiya yanacağının ixracatçısı olaraq Azərbaycan bu məhsulun bahalaşmasından qazancını artırır. Lakin ixraca baxmayaraq, Azərbaycan həm də avsiasiya yanacağının idxalçısıdır. Belə ki, ötən il ölkə 35 milyon 146,79 min dollar dəyərində 38 632,48 ton reaktiv aviasiya yanacağı idxal edib. Bu həcmin 24 963,87 tonu Rusiyadan, 13 668,09 tonu isə Türkmənistdan alınıb. Bu ilin iki ayında ölkə 4 milyon 190,77 min dollar dəyərində 4 555,18 ton belə yanacaq alıb. Alışın hamısı Türkmənistandan reallaşdırılıb. Beləliklə, aviasiya yanacağının bahalaşması Azərbaycanın da xərclərini artırır. Xərclərin artması fonunda Azərbaycanın əsas aviadaşıyıcısı olan AZAL qiymət artımına gedərsə, bu, quru sərhədlərin bağlı olması şəraitindı yeganə səfər imkanı hava nəqliyyatı ilə mümkün olan ölkə vətəndaşları üçün ciddi əlavə xərc formalaşdıra bilər. Hələlik belə qiymət artımına dair məlumata rast gəlinmir. Üstəlik, hökumət ötən ilin dekabrında aviasiya yanacağı idxalının gömrük rüsumlarından azadolma müddətini daha bir il uzadıb. Bundan əlavə, bu yanacaq növünün idxalı zamanı ödənilən aksiz vergisi də 80 manatdan 1 manata endirilib.


Geri qayıt