Əsas Səhifə > Güney Press > Baltası qartalın caynağı olan Ramil Səfərov
Baltası qartalın caynağı olan Ramil SəfərovBu gün, 07:07 |
|
Sözsüz, Azərbaycan tarixində adı çəkiləndə gözündə qəhrəman, ləyaqət kimi anlayışlarının canlandığı adamlar var. O adamlar ki, tarixi qanıyla, canıyla, azadlığıyla özü yaradır, özü yazır. Məsələn, Ramil Səfərov kimi. Əlbəttə, ola bilər. Ola bilər ki, bəzi əməllər beynəlxalq hüquqda, bəşəri dünya anlayışında qəbul edilməsin, pislənsin. Ədalətin təkcə adının olduğu dünyada, ədalət deyəndə ağıla müğənni gələn Azərbaycanda və azərbaycanlılar arasında belə şeylər olur. Ancaq o əməllər ki, onlar həm də milli ləyaqətdir. Məsələn, Ramil Səfərovun əməli kimi. Heç şübhəsiz, insan öldürmək yaxşı hal deyil. Ancaq insanlığı öldürməyə çalışan adam və adamlara, ideya və ideologiyalara qarşı edilən hər şey müqəddəsdir. Məsələn, Ramil Səfərovun etdiyi kimi. Bəli, bəzən tarix kitabları qanunların dili ilə yazılır, amma millətlərin yaddaşı qanunlardan daha sərt, daha dərin, daha ağrılı bir yerdə formalaşır. Orada maddələr yox, məhz yaralar danışır. Orada qərarları məhkəmələr deyil, xalqın içində illərlə közərən xatirələr verir. Misalı Ramil Səfərov kimi. Bu yaddaşın içində elə adlar var ki, onlar bir şəxsdən daha çox simvola çevrilirlər. Bu mənada, Ramil Səfərov həm də qəhrəmanlıq, milli heysiyyət simvoludur. Əlbəttə, bəzi hadisələrə yalnız “cinayət”, “cəza”, “hüquq” kimi steril sözlərlə baxanlar, millətlərin psixoloji yaddaşını anlamaqda çətinlik çəkirlər. Çünki hüquq çox zaman hadisənin formasını ölçür, amma xalq yaddaşı səbəblərin kölgəsində gəzir. Bu mənada, Ramil Səfərovun baltası, ilk növbədə, Azərbaycan xalqının qan yaddaşına vurulmuşdu, durultmuşdu o yaddaşı. Onun haqqında hökm vermək asandır, anlamaq isə çətin. Çünki anlamaq üçün yalnız hadisəyə yox, hadisəni doğuran tarixi ağrıya da baxmaq lazımdır. Bəli, o Ramil Səfərovdur. “Bayraq kimliyimdir, bayraq mənliyim” misrası taleyinə çevirən, öz çapında, öz yolunda döyüşən adam. Bəli, o Ramil Səfərovdur. Azadlığını, əbədi azadlığını kimlərinsə “əski parçası” kimi gördüyü, ancaq özü bürünmək istədiyi “rəngli kəfən”in qorunmasına qurban verən qəhrəman. Bəli, o Ramil Səfərovdur. Haqqında danışanda təkcə bir insanın adı çəkilmir, həm də bir millətin udulmuş qəzəbi, boğazında düyünlənmiş illərin susqunluğu danışır. Bəli, o Ramil Səfərovdur. O Qafqazın qartalıdır! Qartalın caynağı idi onun baltası. Ramil Səfərov adı təkcə bir insan adı deyil. Bəli, deyil. Çünki olur, belə də olur. Bəzi adlar sadəcə insan adı olmur, onlar xalqın illərlə danışa bilmədiyi cümlələrin yerinə çevrilir. Ramil Səfərov çevrildiyi kimi! O, hüququn gecikdiyi, siyasətin susduğu, ədalətin isə olmadığı dünyada öz ədalət tərəzisini nizamladı. Tərəzinin bir gözünə qanını qaşığda qoydu, o biri gözünə azadlığını əbədi. Bəli, Ramil Səfərovun “Qafqaz qartalı” olması təsadüfi deyildir. Qartal həm yüksəklik, həm də təkliyin simvoludur. O, öz içindən çıxıb yüksəkliklərə ucaldı, tək oldu, təkləndi, qayaların ən sərt yerini özünə məskən seçən qartal kimi, bu dünyanın ən pis yerini-ədəbi məhbəsi məskən seçdi, gözə aldı. O, sərt coğrafiyanın, sərt yaddaşın, sərt taleyin adamı oldu. Orxan Saffari Geri qayıt |