Əsas Səhifə > Güney Press > Məscidlərə Tolstoyun, Dostoyevskinin kitablarının alınmasına komitə sədrindən REAKSİYA

Məscidlərə Tolstoyun, Dostoyevskinin kitablarının alınmasına komitə sədrindən REAKSİYA


Bu gün, 11:00

“Hər məsciddə kitabxana” layihəsi çərçivəsində məscidlərə alınacaq kitabların siyashısı müzakirə yaradıb. Layihə çərçivəsində kitabların alınması və çatdırılması xidmətinə 251 310 AZN sərf olunması, siyahıda Azərbaycan bədii ədəbiyyat nümunələri ilə yanaşı Lev Tolstoy, Nişi, Frensis Fukuyama, Bill Bayson Vilyam Baynum, Nigel Kamberland, Mikael Reynhard Heb, Fyodor Dostoyevski kimi adların yer alması, əsərlərin bir çoxunun dinlə əlaqəli olmaması tənqid edilir...

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bununla bağlı Pravda.az-a açıqlamasında deyib ki, “Hər məsciddə kitabxana” layihəsi mütərəqqi layihədir.

“Bunun nə ziyanı var ki? Məsciddə bütün kitablar olsun. Elə kitab aurasının yaradılması müsbət bir şeydir. Məsciddə təsbeh layihəsi keçirək? Ya məscidləri təsbehlə dolduraq? Onsuz da bu var. Məscidlərdə "Qurani-Kərim"dən başqa bir kitab olmur. Təbii ki, müsəlman üçün ən dəyərli kitab "Qurani-Kərim"dir. Axı "Qurani-Kərim"dən də başqa kitablar var. Müsəlmanı "Quran"dan başqa dünyanı öyrənməsi, anlaması üçün təşviq etməliyik. Bu layihədə zərərli bir şey yoxdur. Kitab məscidin bəzəyi ola bilər. Məsciddə kitabxananın olması insanları təşviq edə bilər. Kitaba münasibət baxımından faydalı olar. Bu məsələdə neqativ bir şey tapmaq mümkün deyil. Bunun hansı mənfi aurası ola bilər? Adi restoranlara gedirsən, görürsən ki, kitab rəfləri qoyulub. Oxuyan olar, ya olmaz, dəxli yoxdur, amma aura gözəldir. Restorana güldan, quru əşya qoymaqdansa, kitabların olması ürəkaçandır. Bu baxımdan, kitabxanaların məscidlərdə daha da böyüdülməsi lazımdır. Kimdə əlavə artıq kitablar varsa, məscidlərə gətirə bilər. İnsan məsciddə otursun, qoy on dəqiqə, yarım saat da kitab oxusun, araşdırsın. Əvvəllər də məscidlər təkcə namaz qılma yeri olmayıb. Külliyyatlar, tədris, oxuma yerləri olub, çünki əvvəllər başqa yerlər məhdud idi. Öyrənməyin məkanı məhz məscidlər idi. İndi isə məscidi qaranlıq, sxolastik dünyadan işıqlı bir dünyaya gətirməliyik. Məscid sadəcə konkret ibadət edən şəxslərin gedib-gəldiyi yerə çəvrilməməlidir. Buna görə də normal layihədir, müzakirəyə çıxarılmamalıdır. Belə layihələr təqdirlə qarşılanmalıdır”, - komitə sədri bildirib.


Geri qayıt