Əsas Səhifə > Güney Press > Bakıda ictimai nəqliyyatın idarə edilməsində yeni mərhələ başlayır

Bakıda ictimai nəqliyyatın idarə edilməsində yeni mərhələ başlayır


Bu gün, 16:54

Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, “BakuBus” MMC və “Bakı Taksi Xidməti” MMC Metropolitenə birləşdirilib.

Bununla da “Bakı Metropoliteni” QSC hər iki qurumun hüquqi varisi elan olunub. Yenidən təşkil olunan qurum paytaxtda nəqliyyatın mobilliyini təmin edən əsas mərkəz funksiyasını yerinə yetirəcək. Cəmiyyətin səlahiyyətlərinə aşağıdakılar daxil edilib: Metro, avtobus, taksi və tramvay üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi; Vahid mərkəzdən idarəetmə və gediş haqqının ödənilməsi üzrə innovativ rəqəmsal həllərin (vahid ödəniş sisteminin) tətbiqi; Yeni nəqliyyat infrastrukturu obyektlərinin, o cümlədən avtovağzalların, terminalların, taksi və avtobus parklarının layihələndirilməsi və tikintisi.

Bu islahat Bakı şəhərində tıxacların azaldılması, nəqliyyat növləri arasında keçidlərin asanlaşdırılması və sərnişindaşıma keyfiyyətinin beynəlxalq standartlara çatdırılması məqsədi daşıyır.

Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Sherg.az”a açıqlamasında bildirdi ki, Bakıda ictimai nəqliyyatın idarə edilməsində yeni mərhələ başlayır:

- BakuBus və Bakı Taksi Xidməti Bakı Metropoliteni tərkibində birləşdirilir. Bununla metro, avtobus, tramvay və taksi xidmətlərinin vahid mərkəzdən idarə olunması modeli formalaşır. Bu qərar şəhər mobilliyində inteqrasiya olunmuş idarəetmə, vahid ödəniş və rəqəmsal həllər, daha koordinasiyalı marşrut planlaması, gələcək tramvay və multimodal nəqliyyat sistemlərinin inkişafı üçün mühüm addımdır. Dünyanın bir çox böyük şəhərlərində tətbiq olunan mobillik operatoru modeli artıq Bakıda da formalaşır.


Geri qayıt