|
Bu ilin ilk 3 ayı ərzində Türkiyədə Azərbaycan sərmayəsi ilə 65 şirkət yaradılıb. Yeniavaz.com xəbər verir ki, yeni yaradılan şirkətlərin ümumi sərmayəsi 181 milyon 587 min lirə (4 milyon 17 min dollar) təşkil edib. Bu məbləğin 165 milyon 964,2 min lirəsi (3 milyon 672 min dollar) isə Azərbaycan sərmayəsinə aiddir. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədə Azərbaycan sərmayəsi ilə yaradılan şirkətlərin sayı artıb. Belə ki, ötən ilin ilk 3 ayında Azərbaycan sərmayəsi ilə Türkiyədə 34 şirkət qurulmuşdu və bu şirkətlərin ümumi sərmayəsinin 31 milyon 300 min lirəsi (815 min dollar) Azərbaycana aid olub. Məlumat üçün bildirək ki, bu il Türkiyədə Azərbaycan sərmayəsi ilə qurulan şirkətlərin 7-si səhmdar cəmiyyət (anonim şirkət), 58-i isə Məhdud Məsuliyyətli Cəmiyyət (limited şirkət) olub. Onu da qeyd edək ki, Azərbaycan bu ilin yanvar-mart aylarında Türkiyədə ən çox şirkət quran 4-cü ölkə olub. Bu ilin ilk 3 ayında Türkiyədə Suriya sərmayəsi ilə 1 207, Almaniya sərmayəsi ilə 105, İran sərmayəsi ilə isə 109 şirkət qeydiyyata alınıb.
Geri qayıt
|