Əsas Səhifə > Güney Press > Dövlət Xidmətinin hərbçisi yenidən məhkəmə qarşısında

Dövlət Xidmətinin hərbçisi yenidən məhkəmə qarşısında


Bu gün, 12:27

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müxtəlif rayon şöbələrində çalışmış Turab Yunisov və tanışı Səxavət İbrahimovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq.

İttihama görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mayoru olmuş Turab Yunisov Siyəzən, Saatlı və İsmayıllı rayon şöbələrində hərbi qulluqçu qismində işləyərkən tanışı İbrahimov Səxavət Abas oğlu ilə qabaqcadan əlbir olub öz qulluq mövqeyindən istifadə edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə işə düzəltmə, hərbi xidmətdən möhlət verilməsi, müharibə veteranı adına və işə qəbul vədləri adı altında 15 nəfərdən 1000-10 000 manat aralığında pul alıb.

İstintaq materiallarına görə, o, ayrı-ayrı şəxslərin etibarından sui-istifadə etməklə külli miqdarda ziyan vurub. Zərərçəkmişlərin böyük hissəsi aldıqları ziyanın geri qaytarılmadığını bildirib.

Tərtər Rayon Məhkəməsi Turab Yunisova 4 il azadlıqdan məhrumetmə cəzası təyin etsə də, Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzanı şərti hesab edib. Bu qərar həm prokuror, həm də zərərçəkmişlər tərəfindən narazılıqla qarşılanaraq apellyasiya qaydasında şikayət verilib.

Gəncə Apellyasiya Məhkəməsi şikayətləri təmin edərək şərti cəzanı ləğv edib. Turab Yunisov barəsində həbs qətimkan tədbiri seçib. Onun 4 il real həbs cəzasını çəkməsinə qərar verib. Turab Yunisov məhkəmə zalında dərhal həbs olunub.


Geri qayıt