Əsas Səhifə > Güney Press / Partiya > "Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur"
"Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur"Bu gün, 05:03 |
|
“Güney Azərbaycan Milli Oyanış Hərəkatı və Güney Azərbaycan Məşvərət Şurasının təşkilatçılığı ilə "Güney Azərbaycanın durumu və gələcəyi" mövzusunda keçirilən dəyirmi masa İran-ABŞ/İsrail müharibəsi ilə bağlı yaranmış vəziyyətin dəyərləndirilməsi və fikir mübadiləsi aparılması məqsədi daşıyırdı. Tehran rejiminin repressiyaları səbəbindən xaricdə yaşamağa və fəaliyyət göstərməyə məcbur olan güneyli fəalların Bakıdan gözləntiləri çoxdur. Onlar Azərbaycan Prezidentinin Güneylə, ümumilikdə dünyada yaşayan soydaşlarımızla bağlı yürütdüyü siyasəti təqdir etdiklərini və bundan ruhlandıqlarını açıqca söylədilər”.
Bunu Moderator.az-a açıqlamasında bu günlərdə sözügedən tədbirdə iştirak etmiş siyasi şərhçi, AMİP Siyasi Şurası şurasının üzvü Əli Orucov söyləyib.
“Bununla belə, tədbirdə o da məlum oldu ki, Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur, ciddi problemlər qalır. Xüsusən də İranda yaşayan türklərin(azərbaycanlıların) siyasi lider və prosesləri irəli aparacaq, ona rəhbərlik edəcək mütəşəkkül ictimai, siyasi təşkilatlarının olmaması mövcud pərakəndəliyi saxlayır. Bu da nəticə etibarilə aktiv və sistemli şəkildə hədəfə doğru çatmağa imkan vermir. İranın qapalı rejim olması cənublu soydaşlarımız barədə də müfəssəl məlumatlar qıtlığı yaradır və atılacaq addımların planlaşdırılmasına çətinliklər törədir. Bu tədbir həm də nəbz yoxlaması idi ki, güneylilərin Qüzeydən, Quzeyin Güneydən gözləntilərini bir daha dəqiqləşdirmək, bunun konturlarını müəyyən etmək kimi də xarakterizə etmək olar. Güney məsələsinə xüsusi önəm verən AMİP-in fəxr lideri Etibar Məmmədov tədbirin təşkilatçılarına öz dəyərli məsləhətlərini verdi və bundan sonra da mövzunu daim diqqətə saxlayacağını vurğuladı”, - deyə davamında AMİP təmsilçisi bildirib.
Geri qayıt |