Əsas Səhifə > Güney Press > Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidirDünən, 20:31 |
|
Azərbaycan və Ermənistan arasında sülh prosesi siyasi müzakirələrlə yanaşı, daha geniş və çoxşaxəli mərhələyə keçid edir. Bu prosesin əsas məqsədi sülh müqaviləsi ilə bərabər iki xalq arasında davamlı və dayanıqlı etimad mühitinin formalaşdırılmasıdır. Hazırkı dinamika göstərir ki, bu istiqamətdə həm rəsmi səviyyədə, həm də cəmiyyətlərarası müstəvidə müəyyən praktiki addımlar atılmağa başlanıb. Bunu Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyyətinin İrəvana rəsmi səfəri də sübut edir. Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a yekun sülh müqaviləsi üçün təkcə Azərbaycan və Ermənistan siyasi rəhbərliyinin iradəsinin yetərli olmadığını deyib: "Sülh müqaviləsi iki ölkə arasında imzalanacaq sənəd olacaq. Amma iki cəmiyyət və iki xalq arasında sülhün tam şəkildə formalaşması və onun davamlı olması üçün mütləq etimad mühitinin yaradılması lazımdır. İki cəmiyyət arasında körpülər qurulmalı, müxtəlif sektorlar, həm vətəndaş cəmiyyəti, həm də digər sahələr üzrə əməkdaşlıqlar inkişaf etdirilməlidir. Son dövrlərə baxdıqda artıq bu istiqamətdə müəyyən praktiki addımların atıldığını demək olar. Hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri qarşılıqlı səfərlər edirlər. O cümlədən Azərbaycan və Ermənistan arasında ticarət münasibətləri yaranmağa başlayıb. İki ölkə bir-birinə müxtəlif mal və məhsulların idxal-ixracını həyata keçirir. Bu isə artıq prosesin başladığını göstərir". Analitik Baş nazirinin müavininin Ermənistan səfərinin də bu prosesin tərkib hissəsi olduğunu söyləyib: "Bu səfər sərhədin delimitasiyası ilə bağlıdır. Daha əvvəl sərhədin delimitasiyası üzrə birgə komissiyanın Ermənistandan olan həmsədri Mqer Qriqoryan Azərbaycana səfər etdi. İndi isə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev Ermənistana səfər edir. Bu səfərdə əsas gündəm sərhədin delimitasiyası üzrə işlərin davam etdirilməsidir. Delimitasiya ilə bağlı müzakirələrin artıq qarşılıqlı səfərlər çərçivəsində aparılması da etimad mühitinin bir hissəsidir. Bu görüşlər nə üçüncü ölkədə, nə də sərhəd zonasında keçirilir, birbaşa olaraq qarşılıqlı şəkildə hər iki ölkənin ərazisində aparılır. Bu da göstərir ki, sülhə doğru Azərbaycan və Ermənistan praktiki addımlarını genişləndirir. Əgər bu proses bu şəkildə davam edərsə və hər hansı fors-major situasiya yaranmazsa, xüsusilə də Ermənistanın mövcud konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer alması problemi aradan qaldırılarsa, yekun sülh müqaviləsinin imzalanmasına ciddi maneə qalmayacaq". Müsahibimiz qeyd edib ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ya yenisinin qəbul edilməsi bu baxımdan vacibdir: "Bu problem də həll olunduqdan sonra yekun sülh müqaviləsinin imzalanması mümkün olacaq. Eyni zamanda qarşılıqlı etimad mühitinin formalaşması istiqamətində işlər bununla daha da sürətlənəcək". Geri qayıt |