Əsas Səhifə > Güney Press > Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir?

Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir?


Bu gün, 10:25

Dövlət Sosial Müdafiə Fondu (DSMF) yaradılanda, onun zamanla özünü maliyyələşdirəcəyi bildirilsə də, bu gün Dövlət Sosial Müdafiə Fondu hələ də dövlət büdcəsindən ciddi dotasiya alır.

2026-cı ildə Fondun büdcəsinin 8 milyard 323 milyon manat olacağı proqnozlaşdırıldığı halda, xərclər daha yüksəkdir. Bunun böyük hissəsi sosial ödənişlərə yönəlir. Bu fonda əlavə olaraq, DSMF özünün Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəyə götürmək istəyir. Həmin məqsədlə 1 037 520 manat dəyərində tender, satınalma elan edib.

  • Dövlət Sosial Müdafiə Fondu büdcədən dotasiya aldığı halda yüksək məbləğdə ofis icarəsi üçün tender elan etməsi hüquqi baxımdan nə dərəcədə əsaslıdır?

Hüquqşünas Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, insanlardan toplanan vəsait indiki pensiyaçılara yönəldilir, lakin bu vəsait kifayət etmir: “Dövlət Sosial Müdafiə Fondundan soruşmaq lazımdır, bu icarəyə nə ehtiyac var? Dövlətin öz binası yoxdurmu? İcarə verən kimdir? Əgər icarəyə verən tərəf elə dövlət qurumudursa, bunu müəyyən qədər anlamaq olar. Amma ümumilikdə bu məsələ başa düşülən deyil. Əgər qurum binaya ehtiyacını əsaslandıra bilsə və dövlət balansında uyğun bina yoxdursa, bu halda izah qəbul edilə bilər. Yəni, doğrudanmı, Azərbaycanda dövlət qurumları üçün bina çatışmır? Axı kifayət qədər bina var. Mən hesab edirəm ki, bunun normal əsaslandırması yoxdur".

Əkrəm Həsənov deyib ki, bu mövzu artıq neçə gündür ictimaiyyətdə müzakirə olunur, amma hələ də rəsmi münasibət bildirilmir: "Xüsusilə bir məqama diqqət çəkmək istəyirəm: Dövlət Sosial Müdafiə Fondu bildirir ki, özünü maliyyələşdirə bilmir. Bəs DSMF nədir. Bu fond işləyən insanların əməkhaqqından, gəlirindən, yaxud hər hansı bir sahibkarın gəlirindən məcburi sosial sığorta haqları hesabına formalaşır.

İnsanlar buna sadə dildə “pensiya fondu” deyir və düşünür ki, burada onların pensiya kapitalı yığılır. Amma həmin vəsait fonda yığılıb qalmır, hazırda pensiya alanlara ödənilir. Yəni bizdən toplanan vəsait indiki pensiyaçılara yönəldilir, lakin bu vəsait kifayət etmir.

Bu gün vəziyyət belədirsə, gələcək daha ciddi suallar doğurur. Azərbaycanda əhalinin sayının azalması və iqtisadi aktivliyin zəifləməsi ehtimalı var, bu, fonda daxilolmaların daha da azalmasına səbəb ola bilər. Belə olan halda, gələcəkdə, biz qocalanda kimin hesabına pensiyalar veriləcək?

İndi sual yaranır ki, necə etmək olar ki, Dövlət Sosial Müdafiə Fondu dövlətdən əlavə dotasiya almasın və özünü özü maliyyələşdirə bilsin. Yəni topladığı vəsait hesabına elə pensiyaları ödəsin. Bunun iki yolu var: ya bizlərdən daha çox sosial sığorta haqqı yığılmalıdır, ya da pensiyalar azaldılmalıdır. Bu isə artıq pensiyaçıların narazılığına səbəb olacaq.

Onsuz da cəmiyyət maaşdan vergi tutulması məsələsindən gileylidir. Çoxları düşünür ki, pensiya yaşına çatmayacaqlar. Xüsusilə gənc nəsildə belə bir inamsızlıq var. Kişilərin də çox hissəsi pensiya yaşına çatmır. Dövlətin də bu yükü artırmağa cəsarət etməməsinin səbəbi aydındır. Bu zaman insanlarda narazılığı artırar və ödənişlərdən yayınma hallarını çoxalda bilər”.

Əkrəm Həsənov həmçinin vurğulayıb: “Amma burada başqa bir mühüm məsələ də var: Azərbaycanda pensiya sistemi ədalətsiz qurulub. Eyni pensiya kapitalı olan şəxslərə eyni məbləğdə pensiya verilmir. Məsələn, dövlət qulluğunda çalışanlar və diplomatlar arasında daha yüksək pensiya alanlar var. Bəzən bu məbləğ bir neçə min manat olur. Məsələn, bir vətəndaş maksimum 400-500 manat civarında pensiya alır, başqasına 4000-5000 manat verilir, hətta ondan da çox pensiya alanlar var.

Niyə bu fərq olmalıdır? Niyə eyni sistem daxilində bu qədər ədalətsiz pensiya sistemi var? Əgər yüksək pensiyaları müəyyən qədər azaltsalar, bəlkə də fondun dövlət büdcəsindən əlavə pul almağa ehtiyac olmaz. Bu isə ayrıca müzakirə olunmalı bir məsələdir, amma görünən odur ki, bu barədə açıq şəkildə danışılmır”.


Geri qayıt