Əsas Səhifə > Güney Press > Böyük savaşın ikinci mərhələsi başlayır

Böyük savaşın ikinci mərhələsi başlayır


Bu gün, 16:53

ABŞ ilə İran arasında müvəqqəti atəşkəsin başa çatmasına iki gün qalmış vəziyyət yenidən kəskinləşib. ABŞ prezidenti Donald Tramp Hörmüz boğazı yaxınlığında İrana məxsus yük gəmisinin ələ keçirildiyini açıqlayıb.

Vaşinqton danışıqları davam etdirmək üçün heyəti Pakistana göndərsə də, Tehran yeni görüşlərdə iştirak etməyəcəyini bildirib. İran tərəfi ABŞ-nin dəniz blokadasını atəşkəsin pozulması kimi qiymətləndirir.

Tramp isə gözlənilən görüşləri İran üçün “son şans” adlandıraraq razılaşma əldə olunmasa, ölkənin enerji infrastrukturu və körpülərinin vurulacağı ilə hədələyib.

Regionda gərginlik yüksək olaraq qalır, atəşkəsin taleyi yaxın günlərdə bəlli olacaq.

Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi Tural İrfan Sherg.az-a bildirib ki, Hörmüz boğazı ilə bağlı gərginlik davam etdiyi üçün danışıqların müsbət nəticələrə gətirəcəyinə yaxud ümumiyyətlə baş tutacağına güman azdır:

“De-fakto İranı idarə edən SEPAH və ABŞ-a böyük təsir qüvvəsi olan İsrail müharibəyə davam etməyə qərarlı görünür. Sülh də savaş da gərək əsas mərhələni aşsın. Lakin tərəflərin hələ hazırlıqsız olduğunu görürük. Müvəqqəti atəşkəs ABŞ-ın takitasıdır və Hörmüz boğazının bağlanmasından yaranan gərginliyi müəyyən qədər beynəlxalq müstəvidə azaltmaq idi. Xüsusən İsrailin təkidləri ilə Vaşinqtonun yenidən savaşa davam etməsi daha böyük ehtimaldır. Eyni zamanda İran daxilində hakimiyyətin parçalanma ehtimalı var. Artıq SEPAH generalları xarici işlər nazirini açıq tənqid edir. Çünki danışıqlara meylli tərəflə radikal və müharibə tərəfdarı olan mühafizəkar qüvvələrə arasındakı anlaşmazlıq var. Radikallar ABŞ ilə danışıqlardan narazıdır. İranla ABŞ arasında davam etməli olan danışıqlar əslində müharibədən əvvəl başlamışdı və Omanda aparılırdı. Lakin İsrailin müharibə istəyinə tabe olan ABŞ danışıqlara davam etmədi. İndiki danışıqların da nəticəsinin nə olacağından asılı olmayaraq müharibənin davam edəcəyi ehtimalı daha yüksəkdir. Eyni zamanda İranda SEPAH və sivil hakimiyyət arasında ziddiyyətlər dərinləşməsi daxili üsyanları yenidən körükləyə bilər. Hətta SEPAH generallarının nazirləri hədəfə alması, açıq şəkildə qarşı gəlməsi müşahidə olunur ki, bu da vəziyyətin gərginlik həddinə çatacağını göstərir”.

T. İrfan qeyd edib ki, əgər İranın sivil hakimiyyətin nümayəndələri hesab olunan diplomatlar danışıqlarda nəticə əldə edərlərsə bu nəticə SEPAH generallarını qane etməsə, həm müharibə yenilənəcək, həm də İranda hakimiyyət daxilində uçurum vətəndaş müharibəsinə qədər gedib çıxaracaq:

“Pakistanın obyektiv müsəlman ölkəsi, mötədil İslam dövləti olduğunu İran da bilir. Ümumiyyətlə SEPAH generallarının sərt münasibəti və İsrailin radikal mövqeyi qarşısında danışıqların baş tutacağı da az ehtimaldır. Baş tutsa belə nəticə olmaya bilər. Əgər razılıq əldə olunsa da SEPAH bunu qəbul etməyəcək. Çünki tamamilə müharibəyə kökləniblər. Hazırki proseslərdə demək olar ki, de-fakto İran SEPAH tərəfindən, ABŞ isə İsrail tərəfindən idarə olunur. Odur ki, əsas onların mövqeyi və istəyi nəyə doğrudursa nəticə də ona uyğun olacaq. Onların istəyi isə indiki mərhələdə müharibəni davam etməkdir. Zənnimcə müharibə yenidən qızışacaq və bu dəfə daha şiddətli zərbələr endiriləcək. ABŞ və İsrailin nəfəs dərərək Livan və Hizbullah məsələsində müəyyən irəliləyişlər əldə etməsi, eyni zamanda İran daxilində növbəti strateji nöqtələri müəyyən etmək məqsədi ilə fasilə verməsi müharibənin durması anlamına gölməlidir. ABŞ həm Hörmüz boğazı ilə bağlı dünyanın təziqini azaltdı və nümayiş etdirdi ki, İran boğazda nəinki ABŞ-a, ümumiyyətlə bütün Avropaya da problemlər yarada bilir. Eyni zamanda İran daxilində əhalinin etirazları, hakimiyyət daxilindəki problemlərlə bağlı ola bilsin kəşfiyyat əsasında yeni planlar hazırlandı. Odur ki, danışıqlar sadəcə zaman qazanmaq deməkdir və hesab edirəm ki, nəticə hələ tam deyil və müharibə davam edəcək”.


Geri qayıt