Əsas Səhifə > Güney Press > 7 iyundan sonra aqibəti bəlli olacaq

7 iyundan sonra aqibəti bəlli olacaq


Bu gün, 15:52

“Hazırda biz maliyyələşdirmə modelinin müəyyənləşdirilməsi və Ermənistanda qeydiyyatdan keçməli olan TRIPP şirkətinin yaradılması ilə məşğuluq, işlər çox fəal şəkildə aparılır”.

Bunu Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib. "Bəli, hazırda biz amerikalı tərəfdaşlarımızla birgə işlərin hazırlıq və icra mərhələsini fəal şəkildə davam etdiririk", - V. Kostanyan deyib.

O xatırladıb ki, 13 yanvar 2026-cı ildə Ermənistan və ABŞ arasında icra üzrə üçtərəfli çərçivə proqramı qəbul edilib. "Hazırda biz maliyyələşdirmə modelinin müəyyənləşdirilməsi, eləcə də Ermənistanda qeydiyyatdan keçməli olan layihə şirkətinin yaradılması üzərində işləyirik. Yəni proses çox fəal gedir", - nazir müavini bildirib.

"Cebheinfo.az"-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Ermənistanda “Tramp marşrutu”nun (TRIPP layihəsi) Zəngəzur dəhlizinin reallaşması ilə bağlı atılacaq addımlar region üçün olduqca vacibdir.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi Orta Dəhlizin əsas komponentlərindən biridir və onun açılması regionun inkişafına müsbət təsir göstərəcək mühüm amildir:

"Ermənistan tərəfi də bu istiqamətdə ABŞ ilə birgə layihə həyata keçirməlidir.

Artıq layihənin icrası üçün ilkin addımlar atılıb. Həm texniki-iqtisadi əsaslandırma hazırlanıb, həmçinin layihənin həyata keçirilməsini nəzərdə tutan icra sənədi imzalanıb. Maliyyə məsələləri də artıq həll olunub.

Növbəti mərhələdə isə sahədə sadəcə real fiziki işlərin başlanması qalır. Ermənistan tərəfinin verdiyi açıqlamalardan da görünür ki, seçkilərdən sonrakı dövrdə bu istiqamətdə qısa müddətdə konkret addımların atılması planlaşdırılır".

Politoloq əlavə edib ki, doğrudur, bu məsələ daha çox bir sıra amillərdən asılı olacaq:

"Belə ki, həm Yaxın və Orta Şərqdə baş verən hadisələrin nəticələri, həm də Ermənistanda keçiriləcək seçkilərin yekunları bu prosesə birbaşa təsir göstərəcək".

Oqtay Qasımov qeyd edib ki, bu layihə Rusiyanın iştirakı olmadan həyata keçirilərsə, bu, rəsmi Moskvanın Cənubi Qafqazda rolunun bir qədər də zəifləməsinə gətirib çıxaran amil ola bilər:

"Rusiya isə məhz bunun qarşısını almaq üçün müxtəlif addımlar atmağa çalışır. Xüsusilə Ermənistanda keçiriləcək 7 iyun seçkilərində öz tərəfdarlarının qələbə qazanması və ölkədə yenidən təsir imkanlarının artırılması istiqamətində planların qurulduğu bildirilir.

Bu baxımdan, Ermənistandakı seçkilər kritik kimi də dəyərləndirilə bilər. Əgər Paşinyanın komandası seçkilərdə qalib gələrsə, o zaman ABŞ ilə birlikdə bu dəhlizin açılması istiqamətində real addımlar atılmağa başlanılacaq".


Geri qayıt