Əsas Səhifə > Güney Press / Partiya > “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...”

“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...”


Bu gün, 10:19

“Təbii ki, Güney Azərbaycan bizim ağrılı və yaralı yerimizdir. ABŞ və İsrailin İrana qarşı müharibə apardığı günlərdə də oradan narahatedici xəbərlər gəlirdi və təəssüf ki, indi də gəlir. Oradakı azərbaycanlılar bizim soydaşlarımızdır. Və onlar istər Azərbaycanın, istərsə də Türkiyənin diqqətindən kənarda qalmalı deyil. Çünki onların ümid və güman yeri bizlərik”.
Bu fikirləri 1988-1992-ci illərdəki Milli Azadlıq hərəkatının fəallarından biri olmuş, keçmiş Laçın alayının komandiri, polkovnik Arif Paşa Moderator.az-a açıqlamasında dilə gətirib.
“Güneydəki dostlarımla əlaqəmiz var. Məlumdur ki, oradakı şəhər və kəndlərimizə bir yandan Amerika və İsrailin bombaları yağır, digər yandan isə İran rejimi fəal, günahsız soydaşlarımıza qarşı təzyiq və həbsləri davam etdirir. Odur ki, bir daha deyirəm, onların taleyi Azərbaycanın da, Türkiyənin də diqqətindən kənarda qalmamalıdır. Bunlar bizim qanımız, canımızdır, soydaşlarımızdır. Dövlətlərimiz hər vasitə ilə, o cümlədən rəsmi, diplomatik yollarla da Güney Azərbaycandakı insanlarımıza ən azı, mənəvi dəstək olmağa, onların əzablarını mümkün qədər yüngülləşdirməyə çalışmalı, həmçinin müharibə şəraiti ilə bağlı bilavasitə oradakı əhaliyə himanitar yardımlar göstərməlidirlər”, - deyə Arif Paşa vurğulayıb.

Geri qayıt