Əsas Səhifə > Güney Press / Ana xəbər > Nazirlik nədən GMO-lu "Aptamil"ə bu qədər qahmar çıxır?
Nazirlik nədən GMO-lu "Aptamil"ə bu qədər qahmar çıxır?18-06-2014, 12:52 |
![]() “Azərbaycanda uşaq qidası istehsalı müəssisəsi yoxdur və bu məhsullar ancaq idxal yolu ilə bazara gətirilir. Satışda olan uşaq qidaları ilə bağlı il ərzində iki dəfədən az olmayaraq yoxlamalar aparılır. İndiyədək aparılan yoxlamalar zamanı heç bir normadan kənaraçıxma halları müşahidə edilməyib. Bəzi kənd yerlərində yararlıq müddəti keçmiş məhsulların satışı aşkarlanır. Lakin onların keyfiyyəti və təhlükəliliyi ilə bağlı nöqsanlar üzə çıxmayıb. Biz yenə də konkret müraciətlər daxil olsa, bu sahədə yoxlamalar apara bilərik”. Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma bölməsinin müdiri İmran Abdullayev Ailem.az-a “Aptamil” uşaq qidalarında GMO aşkarlanması ilə bağlı Türkiyə mətbuatının yaydığı xəbərlərə münasibət bildirərkən deyib. İ.Abdullayevin sözlərinə görə, GMO genetik modifikasiya olunmuş məhsullarıdır. Bunun nə dərəcədə təhlükəli olduğunu hələ alimlər izah etməyiblər: “Bəzi alimlər belə məhsulların tərəfdarıdırlar, bəziləri isə təhlükəli olduğunu deyirlər. Tərəfdarları bu məhsulları icad edən, hazırlayanlardır və onlar bunun müsbət tərəflərindən bəhs edirlər. Əksini deyənlər isə genetik modifikasiya olunmuş məhsulların insan orqanizmi üçün zərərlərini bildirirlər. Lakin hər iki tərəfin də dedikləri ilə bağlı konkret sübut və dəlilləri yoxdur. Yalnız elmi cəhətdən müəyyən əsaslar gətirilir. Rəsmi şəkildə isə hər hansı bir alimin sübutu olmayıb”. Qeyd edək ki, Türkiyə mətbuatının yazdığına görə, “Aptamil” uşaq qidalarında GMO aşkarlanıb. Məlumat Türkiyənin Kənd təsərrüfatı Nazirliyinin apardığı araşdırma nəticəsində təsbit edilib. Ankara Yoxlama Laboratoriyası bu məhsulların satışdan çıxarılması üçün 80 şəhərə yazılı təlimat göndərib. Kənd Təsərrüfatı Nazirliyi isə bu işə cavabdeh olan şəxslərin cəzalandırılması üçün hüquqi prosedur başladıb. “Aptamil” uşaq qidaları Azərbaycan bazarında da geniş yayıldığından bu məlumat ölkədə təşvişə səbəb olub. Geri qayıt |