Əsas Səhifə > Güney Press > FHN-in keçmiş əməkdaşının cinayət işi:
FHN-in keçmiş əməkdaşının cinayət işi:Bu gün, 09:36 |
|
Nizami Rayon Məhkəməsində dələduzluqda və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə təqsirləndirilən İntiqam Pənahovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.1, 1.2, 1.16 və 5.1-ci bəndlərinə əsasən təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət təqibinə və işin icraatına xitam verilib. İttihama görə, İntiqam Pənahov özünü qanunsuz olaraq vəzifəli şəxs kimi təqdim etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib, həm fiziki şəxsə maddi ziyan vurub, həm də dövlət orqanlarının nüfuzuna xələl gətirib. Müəyyən edilib ki, təqsirləndirilən şəxs əvvəllər Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt şəhər idarəsinin 21 nömrəli yanğından mühafizə hissəsində yanğınsöndürmə növbəsi rəisinin köməkçisi vəzifəsində, daxili xidmət leytenantı rütbəsində xidmət edib, lakin 11 dekabr 2023-cü il tarixdə xidmətdən xaric olunub. Sonra o, 2023-cü ilin dekabr ayının sonlarında zərərçəkmiş T.T. (adı, soyadı şərtidir) ilə tanış olub. İntiqam özünü guya FHN-in Maliyyə idarəsində şöbə rəisi vəzifəsində çalışan, geniş səlahiyyətlərə malik şəxs kimi təqdim edib. İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə FHN-də sürücü vəzifəsinə işə düzəldə biləcəyi barədə yalan vəd verərək onun etibarını qazanıb. Bu məqsədlə müxtəlif vaxtlarda və müxtəlif ünvanlarda F.F.-dən və onun vasitəçilərindən pul vəsaitləri alıb. Belə ki, 2023-cü ilin dekabrından 2024-cü ilin fevral ayınadək Bakı şəhərinin müxtəlif ərazilərində, o cümlədən Nəsimi rayonu ərazisində yerləşən ictimai iaşə obyektlərində və yaşayış massivlərində, həmçinin Masallı rayonu ərazisindən bank kartları vasitəsilə hissə-hissə olmaqla pul köçürmələri həyata keçirilib. Bu köçürmələr “Kapital Bank”, “Leo Bank” və “Azəri TürkBank” kart hesabları üzərindən icra olunub. Toplanmış sübutlarla müəyyən edilib ki, İntiqam vahid cinayət niyyəti ilə ümumilikdə 2 018 manat məbləğində pul vəsaitini ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib və verdiyi vədləri yerinə yetirməyib. İş üzrə toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə tövsif edilib. Məhkəmə iclasında o, elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini etiraf edib. İntiqam zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödədiyini və tərəflər arasında barışıq əldə olunduğunu bildirib. Geri qayıt |