Əsas Səhifə > Güney Press > Paşinyan rəqiblərinə qarşı hücuma keçdi

Paşinyan rəqiblərinə qarşı hücuma keçdi


Bu gün, 16:27

Ermənistanda 7 iyuna təyin olunan parlament seçkiləri ərəfəsində siyasi mühit getdikcə daha da gərginləşir. Artıq həbslərə start verilib. Seçkiöncəsi rüşvət ittihamları ilə bağlı 14 nəfər saxlanılıb. Bu prosesdə Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyasının tərəfdarlarının hədəfə alınması diqqətləri hakimiyyətin addımlarına yönəldib.

Bu proses siyasi rəqiblərin sistemli şəkildə sıradan çıxarılması anlamına gəlir?

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyətin seçkilər öncəsi belə sərt addımlar atması müxalif düşərgədə ciddi narahatlıq yaradıb. Xüsusilə Samvel Karapetyan kimi maliyyə və siyasi təsir imkanlarına malik fiqurun ətrafının hədəfə alınması onun özünün də potensial risk altında olub-olmaması ilə bağlı müzakirələri gücləndirir. Ekspertlər istisna etmirlər ki, proseslər bu templə davam edərsə, seçkilərə qədər daha səs-küylü həbslər də gündəmə gələ bilər.

Paşinyan doğrudanmı rəqiblərini sıradan çıxarır, yoxsa bu, korrupsiyaya qarşı real mübarizədir?

ƏHD Partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlının sözlərinə görə, Ermənistanda uzun müddətdir ki, siyasi rəqiblər bir-birinə qarşı repressiyalardan istifadə edirlər:

“Nikol Paşinyan müxalifətdə olanda o zaman prezident Köçəryan onu həbs etdirmişdi. Paşinyan hakimiyyətə gələn kimi Köçəryanı və digər vəzifəli şəxsləri həbs etdirdi. Hakimiyyətə gələn siyasi qüvvə dərhal qisas almaq məqsədilə addımlar atır. İndi də iki aydan sonra Ermənistanda parlament seçkiləri keçiriləcək. Seçkilərin təbliğatına start verilməmişdən öncə həm iqtidar, həm də müxalif qüvvələr seçki təbliğatına başlayıblar. Samvel Karapetyan da Nikol Paşinyanın ən ciddi rəqiblərindən biri kimi dəyərləndirilməlidir. O da rusiyayönümlü siyasətçi kimi tanınır. Hətta ehtimal olunur ki, seçki müddətində digər rusiyapərəst Köçəryan Karapetyanın xeyrinə geri çəkilsin. Bu məsələdə həlledici faktor sonda Rusiyanın kimin üzərində dayanması olacaq. Paşinyan indiki həbsləri ilə həm də rəqiblərinə güc nümayiş etdirir, qorxu hissi yaratmaq istəyir. Ermənistan cəmiyyətində hakimiyyət uğrunda mübarizədə dinc insanların da qətlə yetirilməsi ilə yanaşı, keçmiş spiker Dəmirçiyanın, baş nazir Sərkisyanın qətlə yetirilməsi təcrübəsi var. Ermənilər hakimiyyətə gəlmək üçün bir-birinin qanını da içməyə hazırdırlar”.

Musavat.com


Geri qayıt