İqtisadiyyat.az xəbər verir ki, taksi sürücülərindən biri 2021-ci il istehsallı “Khazar SD” markalı minik avtomobilinin icbari sığorta müqaviləsi üçün 375 manat ödənilməsi bildirilib.
O, ötən il eyni avtomobilini eyni sığorta şirkətində 76 manata sığortaladığını söyləyib. Bu il icbari sığorta haqqının bu qədər artmasının isə səbəbini bilmədiyini qeyd edib.
Məsələ ilə bağlı sığorta eksperti Emil Ağabağırov İqtisadiyyat.az-a açıqlamasında sığorta haqqının yüksəlməsini sığorta hadisəsi ilə əlaqələndirib:
“Ola bilsin ki, həmin şəxsin nə vaxtsa qəza hadisəsi baş verib və buna görə də sığorta qiymət də artıb. Daha sonra taksi fəaliyyəti ilə 1.5 yeni əmsal da tətbiq edilib və yekunda sığorta haqqı 375 manat təşkil edib”.
Ekspert bildirib ki, icbari sığorta haqqı üçün standart qiymət yoxdur, məbləğ dəymiş zərərin həcminə və qəzaların sayına görə müəyyən olunur: “Yəni bu qiymət 150-200 manat da təşkil edə bilərdi”.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) qərarına əsasən, avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edildikdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan birillik sığorta haqqı məbləğinin hesablanması üçün 1.5 əmsalı tətbiq edilir.
AMB-nin baş direktoru Şahin Mahmudzadə deyib ki, mövcud qaydaya görə bir şəxs qəza edibsə, onun zərərlilik əmsalı artır. Onun sözlərinə görə, ümumilikdə taksi kimi sürülən avtomobilin qət etdiyi məsafə ilə digər avtomobilin qət etdiyi məsafə fərqlidir. Taksi gündə 150-200 km, adi maşın isə 20-30 km gedir. Avtomatik olaraq qəza ehtimalı daha yüksəkdir. Əlavə əmsalın tətbiqi də burdan qaynaqlanır.