Əsas Səhifə > Güney Press > Vüqar Məmmədovun cinayət işi üzrə istintaq tamamlanıb

Vüqar Məmmədovun cinayət işi üzrə istintaq tamamlanıb


Bu gün, 12:43

“Hürriyyət” qəzetinin və “HurriyyetTV” internet kanalının həbsdə olan baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) cinayət işi üzrə ibtidai istintaqın başa çatdığı bildirilir.

Gununsesi.info xəbər verir ki, prokuror ittiham aktını təsdiqlədikdən sonra iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Vüqar Məmmədov Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri (təkrar və xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələbetmə) ilə ittiham olunur. Bu maddələr üzrə ona 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

“Azadlıq Radiosu”nun məlumatına görə, cinayət işində “Veysəloğlu” Şirkətlər Qrupunun adı keçir. İttihama əsasən, baş redaktorun bu şirkətə hədə-qorxu gələrək “Hürriyyət” qəzetinin hesabına 200 manat köçürməyə məcbur etdiyi iddia olunur.

Vüqar Məmmədov ittihamları qəbul etmir. O, “Veysəloğlu” ilə aralarında reklam müqaviləsi olduğunu bildirir.

Baş redaktorun qardaşı və “Hürriyyət”in baş direktoru Cəsur Məmmədov qəzet kollektivi adından Baş prokuror Kamran Əliyevə müraciət edib. Müraciətdə cinayət işinin şəxsi nəzarətə götürülməsi və ittihamın obyektiv araşdırılması xahiş olunub. Məktubda həmçinin qeyd edilib ki, işin ədalətli araşdırılması Vüqar Məmmədovun siyasi sifariş əsasında həbs olunduğu iddialarını üzə çıxara bilər.

Ötən il oktyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları “Hürriyyət” qəzetinin redaksiyasında axtarış aparıb. Axtarışdan sonra Vüqar Məmmədov və bir neçə əməkdaş saxlanılaraq DTX-yə aparılıb. Digər şəxslər sonradan sərbəst buraxılsa da, baş redaktor barəsində həbs-qətimkan tədbiri seçilib.

Hökumətyönlü media onun Ramiz Mehdiyevin işi ilə əlaqədar saxlanıldığını yazsa da, rəsmi olaraq ona qarşı 182.2.4-cü maddə ilə ittiham irəli sürülüb.

Vüqar Məmmədov özünü təqsirli bilmir və həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirir. O, daha əvvəl – 2023-cü ilin iyununda “HurriyyetTV”də yayımlanan materiala görə qadağan olunmuş məlumat yaymaq ittihamı ilə 1 ay müddətinə həbs edilmişdi.


Geri qayıt