Əsas Səhifə > Güney Press > İngilislər Naxçıvanda “kadr bankı” yaradır

İngilislər Naxçıvanda “kadr bankı” yaradır


15-04-2026, 11:49

“Kadr bankı” sistemi Azərbaycanda idarəetmə keyfiyyətinin artırılması və institusional inkişaf baxımından strateji əhəmiyyətə malikdir. Bu mexanizmin düzgün qurulması və davamlı təkmilləşdirilməsi ölkədə peşəkar, çevik və nəticəyönümlü idarəetmə modelinin formalaşmasına mühüm töhfə verə bilər. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və neft nəhəngi bp tələbə və müəllimləri birgə dəstəkləmək üçün müqavilə imzalayıblar.

“Yeni Müsavat” bildirir ki, layihənin bir hissəsi olaraq, muxtar bölgədə laboratoriyalar yaradılacaq və Britaniya standartları tətbiq olunacaq. Texniki infrastrukturun təkmilləşdirilməsi ilə bağlı bəyan edilmiş məqsədlərə baxmayaraq, mütəxəssislər korporasiyanın yerli təhsil sistemini texniki və kadr ehtiyaclarına uyğunlaşdırmaq istəyini qeyd edirlər. Qeyd olunur ki, şirkət yerli gəncləri müəyyən tələblərə cavab vermək üçün hazırlayacaq ki, bu da neft nəhənginin regionun intellektual kapitalına uzunmüddətli təsiri ilə bağlı bəzi suallar doğurur.

Azərbaycanda “kadr bankı” anlayışı son illərdə dövlət idarəçiliyi və korporativ sektor üçün getdikcə daha aktual mövzulardan birinə çevrilib. Bu anlayış əsasən potensial kadrların sistemli şəkildə müəyyənləşdirilməsi, qiymətləndirilməsi və ehtiyac yarandıqda uyğun vəzifələrə təyin olunması üçün yaradılan strukturlaşdırılmış bazanı ifadə edir. Müasir dövrdə effektiv insan resursları siyasəti yalnız mövcud vakansiyaların doldurulması ilə deyil, həm də gələcək üçün kadr ehtiyatının formalaşdırılması ilə ölçülür.

Hazırda Azərbaycanda kadr ehtiyatının formalaşdırılması əsasən dövlət qulluğuna qəbul imtahanları, müsabiqə və müsahibə mərhələləri vasitəsilə həyata keçirilir. Bu proseslər nəticəsində uğur qazanan, lakin dərhal vəzifəyə təyin olunmayan şəxslər müəyyən müddət üçün kadr ehtiyatına daxil edilirlər. Bununla yanaşı, bəzi dövlət qurumları və iri şirkətlər daxili kadr bankı sistemlərini də tətbiq edir. Bu sistemlər vasitəsilə əməkdaşların performansı izlənilir, onların inkişaf planları hazırlanır və gələcək rəhbər vəzifələr üçün potensial namizədlər müəyyənləşdirilir.

Azərbaycanda dövlət idarəçiliyi və iri təşkilatlarda tətbiq olunan “kadr bankı” sistemi gözlənilən effektivliyi tam təmin edə bilmir. Mütəxəssislər bildirirlər ki, bu sahədə bir sıra struktur və institusional problemlər mövcuddur. Qeyd olunur ki, bəzi hallarda “kadr bankı” mexanizmi formal xarakter daşıyır və real idarəetmə aləti kimi istifadə edilmir. Namizədlər ehtiyat siyahılarına daxil edilsə də, onların sonrakı karyera inkişafı və vəzifələrə təyinat prosesi sistemli şəkildə izlənilmir.

Digər əsas problem kadrların qiymətləndirilməsi ilə bağlıdır. Ekspertlərin fikrincə, obyektiv və ölçülə bilən meyarların yetərincə inkişaf etməməsi seçim prosesində subyektiv yanaşmalara yol aça bilər. Bu isə ümumi idarəetmə keyfiyyətinə mənfi təsir göstərən amillərdən biri hesab olunur. Məsələyə regional aspektdən yanaşdıqda isə kadr potensialının qeyri-bərabər paylanması ön plana çıxır. Əsasən paytaxt və iri şəhərlərdə cəmləşən peşəkar kadrlar regionlarda çatışmazlıq yaradır ki, bu da ölkə üzrə balanslı inkişafı ləngidən amillərdən biri kimi qiymətləndirilir.

BDU-nun Konstitusiya hüququ kafedrasının baş müəllimi, hüquqşünas Qulamhüseyn Əlibəylinin “Yeni Müsavat”a bildirdiyinə görə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə BP şirkəti arasında imzalanmış sənədə dövlətlə özəl sahibkarlıq arasındakı tərəfdaşlıq münasibətləri və sahibkarlıq fəaliyyəti subyektlərinin korporativ məsuliyyəti kontekstində yanaşmaq olar. Onun fikrincə, bu baxımdan dövlətlə özəl sahibkarlıq subyektləri arasındakı münasibətlər arasındakı təkcə inzibati-hüquqi çərçivə ilə məhdudlaşmır: “Dövlət-özəl sahibkarlıq münasibətləri həm də müxtəlif istiqamətli layihələrin, xüsusən də sosial layihələrin həyata keçirilməsində əməkdaşlığı və tərəfdaşlığı əhatə edir. İndiyə qədər də Azərbaycanda müəyyən sosial layihələrin maliyyələşdirilməsində və həyata keçirilməsində bp şirkəti iştirak edib. Naxçıvan Təhsil Nazirliyi ilə bp şirkəti arasında imzalanmış sənəd təhsil sahəsində dövlət-özəl sahibkarlıq münasibətlərinin genişləndirilməsini nəzərdə tutur. Bu sənəd təhsil sahəsində 3 istiqamətdə layihələrin həyata keçirilməsi üçün imkanlar açır”.

Q.Əlibəyli qeyd edib ki, birincisi, Naxçıvanın təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, ikincisi, müəllimlərin peşə qabiliyyətinin yüksəldilməsi, üçüncüsü isə istedadlı şagirdlərin aşkar edilərək beynəlxalq miqyasa çıxarılması üçün tədbirlər görülməsi: “Bu, sənəddə birbaşa nəzərdə tutulmasa da, son nəticədə regional səviyyədə peşəkar kadrların yetişdirilməsi və bir növ "kadr bankı" yaratmaq təşəbbüsü kimi qiymətləndirilə bilər. Hesab edirəm ki, belə təşəbbüslər təqdirəlayiqdir və Azərbaycanın digər regionlarında da həyata keçirilməsi məqsədəuyğundur. Naxçıvandan sonra işğaldan azad olunmuş və hazırda bərpa olunaraq məskunlaşdırılan ərazilərdə sosial layihələrin, o cümlədən regional səviyyəli kadrların yetişdirilməsi üzrə layihələrin hazırlanıb həyata keçirilməsi daha səmərəli olardı. Sonradan belə təşəbbüsləri digər regionlarda da gerçəkləşdirmək mümkündür".

Onu da xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli sərəncamı ilə “Yüksəliş” müsabiqəsinin təsis edilməsi kadr potensialının formalaşdırılması məqsədi daşıyır. Müsabiqə iştirakçıları 5 mərhələdən keçməlidir - qeydiyyat, onlayn seçim, üz-üzə mərhələ, yarımfinal və final. Xatırladaq ki, müsabiqənin onlayn seçim və əyani mərhələlərində müsabiqə iştirakçıları qiymətləndirilərkən ən qabaqcıl beynəlxalq imtahan sistemlərində (TOEFL, GMAT, SAT) tətbiq edilən T-score qiymətləndirmə üsulundan istifadə olunur. Azərbaycanda bu imtahan qiymətləndirmə sistemi ilk dəfə “Yüksəliş” yarışmasında tətbiq edilib. Bundan əlavə, Prezidentin savadlı gənc kadrları vəzifələrə təyin etməsi kadr islahatlarının ən ciddi komponentlərindəndir və hər kəs tərəfindən dəstəklənir.


Geri qayıt