Əsas Səhifə > Güney Press > Torpaq mübahisəsinə görə qonşusunu öldürməyə cəhddə ittiham olunan şəxslə bağlı

Torpaq mübahisəsinə görə qonşusunu öldürməyə cəhddə ittiham olunan şəxslə bağlı


15-04-2026, 10:32

Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elşad Camalovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya protesti təmin edilməyib.

İttihama görə, Elşad Camalov 2023-cü ildə uzun müddətdir aralarında torpaq alqı-satqısı ilə bağlı ədavət mövcud olan Qusar rayonunun Zindan Muruq kənd sakini zərərçəkmiş S.S.-in (adı, soyadı şərtidir) yaşadığı evə gəlib. O, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin idarə etdiyi avtomobillə hadisə yerinə gələrək sərxoş vəziyyətdə və aqressiv davranışlar sərgiləyib.

Belə ki, Elşad əvvəlcə zərərçəkmiş şəxsdən avtomobilə əyləşməsini tələb edib. Lakin S.S. aralarında əvvəlcədən mövcud olan ədavəti, təqsirləndirilən şəxsin daha öncə onu və ailə üzvlərini öldürməklə hədələməsini, həmçinin bir il əvvəl fiziki zor tətbiq etməsini nəzərə alaraq bu tələbdən imtina edib.

Bundan sonra o, avtomobildən içərisində benzin olan yaşıl rəngli plastik qab götürərək zərərçəkmiş şəxslə birlikdə onun yaşadığı evə daxil olub. Mətbəxdə oturduqları zaman Elşad yüksək səslə nalayiq ifadələr işlədərək mübahisə yaratmağa başlayıb, S.S.-dən torpaq sənədlərini düzəltməsini tələb edib. Zərərçəkmiş şəxsin onu sakitləşdirmək cəhdlərinə baxmayaraq, Elşad daha da aqressivləşərək üzərində olan turist bıçağını çıxarıb və onu nümayiş etdirərək “nəslini bura çağır” deyə hədələyib, eyni zamanda S.S.-i öldürəcəyini və evinə od vuracağını bildirib.

Hadisənin gərginləşdiyini görən zərərçəkmiş şəxs qorxuya düşərək digər otaqda olan gəlininə qonşuları köməyə çağırmağı tapşırıb. Bir müddət sonra qonşular hadisə yerinə gəlsə də, Elşad onların yanında da nalayiq ifadələr işlətməkdə davam edib.

İstintaq materiallarına əsasən, o, sonradan xüsusi amansızlıqla zərərçəkmiş şəxsi qəsdən öldürmək niyyəti ilə onun üzərinə hücum edib. Elşad əlində olan bıçaqla əvvəlcə S.S.-in qarın nahiyəsinə zərbə endirməyə cəhd göstərsə də, hadisə yerində olan qonşunun müdaxiləsi nəticəsində bu cəhdin qarşısı alınıb.

Elşad bir müddət sakitləşdiyini bildirsə də, sonradan yenidən hücuma keçərək bıçaqla S.S.-in ürək nahiyəsinə yaxın hissəyə zərbə endirməyə cəhd edib. Lakin yenə də kənar şəxslərin müdaxiləsi və zərərçəkmiş şəxsin müqaviməti nəticəsində niyyətini başa çatdıra bilməyib.

Buna baxmayaraq, o, hücumlarını davam etdirərək S.S.-i öldürməyə çalışıb. Yalnız qonşuların onu zorla evdən çıxarması nəticəsində cinayət əməli başa çatdırılmayıb. Beləliklə, Elşad Camalov öz iradəsindən asılı olmayan səbəblərə görə qəsdən adam öldürməyə cəhd cinayətini başa çatdıra bilməyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddələri ilə təqsirli bilinərək 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Apellyasiya instansiyası məhkəməsi əməli daha yüngül maddə ilə – Cinayət Məcəlləsinin 134-cü maddəsi (öldürməklə hədələmə) üzrə tövsif edərək Elşad Camalova 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Eyni zamanda, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Elaşd Camamlovun 05 iyul 2023-cü il tarixdən 16 aprel 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddət nəzərə alınaraq cəzasını çəkmiş hesab olunması və həbsdən azad edilməsi barədə qərar qəbul olunub, apellyasiya şikayətləri təmin edilib.

Dövlət ittihamçısı isə qərardan narazı qalaraq kassasiya protesti verib. O, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarının ləğv olunmasını və işin yenidən apellyasiya instansiyasında baxılması üçün geri qaytarılmasını xahiş edib.


Geri qayıt