Əsas Səhifə > Güney Press / Ana xəbər > Avropa şirkətləri Azərbaycanı bir-birinin ardınca tərk edir
Avropa şirkətləri Azərbaycanı bir-birinin ardınca tərk edir3-06-2014, 16:37 |
![]() Fransanın “Total” və Almaniyanın E.on şirkətləri Transadriatik Qaz Kəməri (TAP) layihəsindən çıxmağa hazırlaşır. Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı Bakıda işə başlayan ənənəvi beynəlxalq neft-qaz konfransının kuluarlarında jurnalistlərə ARDNŞ-in investisiya departamentinin rəhbəri Vaqif Əliyev verib. TAP kəməri Transanadolu Qaz Kəmərinin (TANAP) davamı olaraq Azərbaycanın Xəzərdəki “Şahdəniz II” yatağından hasil olunacaq qazı Avropa bazarlarına çıxarmalıdır. “Total” TAP layihəsində 10, E.on şirkəti isə 9 faizlik paya malikdir. Layihədə BP 20 faiz, SOCAR 20 faiz, “Statoil” 20 faiz, Avropanın iri qaz operatoru olan “Fluxys” 16 faiz paya malikdir. İsveçrənin “Axpo” şirkətinin isə layihədə 5 faizlik payı var. V.Əliyev “Total” və E.on şirkətlərinin TAP layihəsini tərk etməsi ilə bağlı təfərrüatları açıqlamayıb. Şirkətlər isə hələlik informasiyanı şərh etmir. Cəmi bir neçə gün əvvəl “Total” şirkəti “Şahdəniz II” layihəsindəki 19 faizlik payının 10 faizini Türkiyənin TPAO şirkətinə satışını rəsmiləşdirdi. Bundan əvvəl isə “Statoil” layihədəki payının 10 faizini SOCAR-a satmışdı. Həmçinin gözlənilir ki, yaxın vaxtlarda Norveç şirkətinin direktorlar şurası ümumiyyətlə “Şahdəniz”dəki payını, habelə “Əsrin müqaviləsi”indəki payını satmaq barədə qərar verə bilər. “Şahdəniz” konsorsiumu bu yataqdan hasil olunacaq qazın Avropaya TANAP və onun davamı olaraq TAP marşrutu ilə nəqlini seçəndən sonra “Statoil” və “Total” elan etdilər ki, təqribən 10 milyard avroya başa gəlməsi gözlənilən TANAP layihəsində yer almayacaqlar. İndi isə Fransa şirkəti və onun alman ortağı TAP-dan da imtina edirlər. Bəs nə baş verir? Avropanın enerji nəhəngləri Azərbaycan qazının Avropa bazarlarına nəqlinə yönələn və cəmi 40 milyard avroya başa gəlməsi gözlənilən layihələrdən yaxalarını niyə kənara çəkirlər? Avropa şirkətlərinin strateji əhəmiyyətli bu enerji layihələrindən çəkilməsinin arxasında siyasət dayandığına dair hələlik dəlil yoxdur. Bununla belə aydındır ki, şirkətlər bu layihələrdən kənara çəkilərək riskləri bölüşmək istəmirlər. Bu, bir tərəfdən layihənin kifayət qədər bahalı olması, digər tərəfdən gələcək mümkün risklərlə bağlı ola bilər. Hansı ki, bu layihələr Azərbaycandan çox Avropaya lazım idi və Avropanın enerji təhlükəsizliyini təmin etməyə, Rusiya qazından asılılığı azaltmağa yönəlib. Azərbaycan qaz satmaq üçün bazar sarıdan korluq çəkməzdi. Məsələn, Rusiya ilə bağlanmış müqaviləyə əsasən Azərbaycan bu ölkəyə istənilən həcmdə qaz sata bilər... Geri qayıt |