Əsas Səhifə > Güney Press / Ana xəbər > Atalar həmişə dinləyər... hətta torpağın altından belə!
Atalar həmişə dinləyər... hətta torpağın altından belə!9-01-2026, 12:24 |
|
Salam, ay ata…
Evin divarında bir şəkil var. Şəkil demək azdır ona — o, evin nəfəsidir. Gündüzlər işıq pəncərədən süzülüb onun üzünə düşəndə elə bil atam bir anlıq canlanır; axşamlar kölgə uzandıqca üzündəki cizgilər dərinləşir, sanki söz demək istəyir, amma sükutdan başqa heç nə qalmayıb ona.
Atam gedəndən sonra ev dəyişmədi, amma evdəki hər şey başqa cür oldu. Stul əvvəlki kimi stuldur, masa yenə masadır, amma onların üstündə görünməz bir ağırlıq var. Bu ağırlıq təkcə kədərin çəkisi deyil, yarımçıq qalmış sözlərin, soruşulmamış sualların, cavabsız baxışların çəkisidir.
Mən hər gün onun şəklinin qarşısından keçəndə içimdə uşaq bir səs oyanır:
— Ata, bax, mən hələ buradayam…
Sözlərim divara dəyib geri qayıdır. Atam artıq səsimə cavab vermir, amma mən bilirəm — o, sükutla dinləyir. Çünki atalar həmişə dinləyər. Hətta torpağın altından belə.
Gecələr yuxu məndən qaçanda atam xatirələrimə gəlir. Bir vaxtlar onun addım səsləri ilə dolan ev indi saatın tıqqıltısına möhtac qalıb. Saat işləyir, zaman keçir, amma mənim üçün vaxt atamın getdiyi yerdə donub qalıb. Hər gün eyni günə oyanıram: atasız bir səhərə.
Onun yoxluğu öyrəşilən bir şey deyil. İnsan bəzən aclığa, bəzən soyuğa alışar, amma ata yoxluğuna heç vaxt tam öyrəşə bilməz. Bu yoxluq insanın içində bir boşluq kimi qalır — nə sözlə doldurulur, nə də səbrlə.
Bəzən düşünürəm: görəsən, atam indi haradadır? Ruhlar da darıxarmı? O da mənim kimi gecələr yada düşürmü? Yoxsa Allah onun qəlbinə elə bir rahatlıq verib ki, artıq dünyadakı ağrılar ona toxunmur?
Mən onun savablarını xatırlayıram. Susaraq etdiyi yaxşılıqları, heç kim bilməsin deyə gizlətdiyi mərhəməti. Atam həm böyük sözlərin adamı idi, həm də varlığı ilə öyrədən bir məktəb. Mən isə bu dərsi indi — zamanın gecikmiş yerində anlayıram.
Divardakı şəkil mənim üçün qəbir daşından daha canlıdır. Çünki orada torpaq yox, xatirə var. Mən o şəkilə baxıb böyüyürəm, möhkəmlənirəm; bəzən də sınıramsa, yenə onun adına dözürəm.
Atalar ölmür, deyirlər. Düzdür. Atalar sadəcə evin bir otağından çıxıb insanın ürəyinə köçürlər. Mənim atam da indi ürəyimdə yaşayır — hər qorxumda, hər səbrimdə, hər dua etdiyim gecədə.
Və mən hər gün, hər gün içimdən eyni cümləni deyirəm:
— Salam, ay ata… mən səni unutmamışam.
•Aynur Mehdi - "DİA-AZ"
Geri qayıt |