Əsas Səhifə > Güney Press / Ana xəbər > Kristofer Ştrasser Berlində Azərbaycana qarşı konfrans çağırdı
Kristofer Ştrasser Berlində Azərbaycana qarşı konfrans çağırdı28-05-2014, 14:30 |
![]() Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda siyasi məhbuslar məsələsi üzrə keçmiş məruzəçisi, Bakının arzuolunmaz şəxs elan etdiyi Kristofer Ştrasser Berlində antiazərbaycan konfransı çağırıb. Virtualaz.org saytı xəbər verir ki, konfransın təşkilatçısı qismində hazırda Almaniyanın insan haqları üzrə müvəkkili olan Kristofer Ştrasserlə yanaşı Azərbaycana qarşı “kürü diplomatiyası” hesabatının müəllifi olan Avropa Sabitlik Təşəbbüsü (ESİ) çıxış edir. “Siyasi məhbuslarsız Avropa yolunda” mövzusunda konfrans iyunun 2-də Berlində keçiriləcək. Konfransa maliyyə dəstəyini isə Açıq Cəmiyyət Fondu verir. ESİ tərəfindən bu gün yayılan məlumatda deyilir ki, konfransa avropalı siyasətçilər, parlamentarilər və hüquq müdafiəçiləri dəvət olunub. Onlar Avropa Şurası, Avropa İttifaqı və beynəlxalq insan haqları təşkilatlarının Avropada siyasi məhbuslar problemini yaxın vaxtlarda necə aradan qaldıra biləcəklərinə dair müzakirələr aparacaqlar. Doğrudur, konfransın mövzusu bilavasitə Azərbaycanla bağlı deyil. Lakin həm təşkilatçıların, həm ora məruzəçi kimi dəvət olunanların adlarına nəzər salmaq kifayətdir ki, konfransın məhz Azərbaycan hakimiyyətinin tənqidinə həsr olunacağına əminlik yaransın. Xəbərdə bildirilir ki, konfrans iyunun 2-də başlayacaq və iyunun 3-də yalnız dəvətli şəxslərin qatıla biləcəyi üç ayrı qapalı iclasla davam edəcək. Məruzəçilərdən Kristofer Ştrasser Almaniyanın insan haqları müvəkkili olmaqla yanaşı insan haqlarının müdafiəsi sahəsində çoxillik təcrübəyə malikdir. Təqdimatda bildirilir ki, o, 2002-ci ildən etibarən Almaniya Bundestaqının Sosial-Demokrat Partiyasından deputatı olub, 2009-2013-cü illərdə Azərbaycanda siyasi məhbuslar üzrə AŞ PA məruzəçisi kimi fəaliyyət göstərib. Lakin missiyası ərzində o, bir dəfə də olsun bu məsələni araşdırmaq üçün Azərbaycana səfər edə bilməyib. Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların mövcudluğunu qəbul etmədiyinə görə Ştrasserə viza verilməyib. Buna baxmayaraq Ştrasser Azərbaycanda siyasi məhbuslara dair hesabat və qətnamə layihəsi hazırlamışdı. Ancaq onun hazırladığı qətnamə AŞ PA-da keçmədi. ![]() Konfransa məruzəçi qismində “Azadlıq” radiosunun əməkdaşı, qalmaqallı jurnalist Xədicə İsmayılova da dəvət alıb. Hərçənd ki, X.İsmayılovanın adı Baş Prokurorluğun qaldırdığı cinayət işində şahid kimi keçir və istisna deyil ki, onu ölkədən buraxmasınlar. Digər məruzəçilər isə Norveç Helsinki Komitəsinin baş katibi Byern Enqesland, 2012-ci ildə Bakıda keçirilmiş “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Almaniyada antiazərbaycan kampaniyasına başçılıq edən, Azad Demokratlar Partiyasından keçmiş deputat, federal hökumətin insan haqları siyasəti və humanitar yardım üzrə keçmiş komissarı (ombudsman) Markus Löninq, İrlandiyadan deputat Maykl Maknamara (o da Azərbaycana qarşı çıxışları ilə tanınır), Berlində yaşayan blogger, “Meydan” TV-nin rəhbəri Emin Milli, Rusiyada istintaq təcridxanasında öldürülən vəkil Sergey Maqnitskinin işlədiyi “Hermitage Capital” investisiya fondunun baş direktoru, ABŞ-da Rusiyaya qarşı “Maqnitski aktı”nın qəbul edilməsi üçün genişmiqyaslı kampaniya aparmış Bill Brauder və digərləridir. Xatırladaq ki, Kristofer Ştrasser bu ilin əvvəllərində Almaniyada insan haqları üzrə müvəkkil seçilib. Onun namizədliyi keçmiş xarici işlər naziri Frank-Valter Ştaynmayer tərəfindən təqdim olunub. Ştrasserin və Avropa Sabitlik Təşəbbüsü adlı qrupun təşkil etdiyi bu konfrans göstərir ki, Avropada antiazərbaycan qüvvələri yenidən fəallaşıblar. Geri qayıt |