Əsas Səhifə > Güney Press / Ana xəbər > Hövsan sakini qonşusundan baş prokurora şikayət etdi

Hövsan sakini qonşusundan baş prokurora şikayət etdi


27-05-2014, 11:15
Hövsan sakini qonşusundan baş prokurora şikayət etdi
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində nömrəsiz evdə yaşayan Səfərov Niyazxan İsmixan oğlunun redaksiyamıza Baş prokuror Z.Qaralov və daxili işlər naziri R.Usubova ünvanlı müraciəti daxil olub. N.Səfərov müraciətində qonşularının onun rahatlığını pozduğunu, eyni zamanda qonşusu Nuriyeva Xalidə Sultan qızının onun evinə hücum çəkdiyini yazır. Müraciətdə bildirilir:

“Hörmətli cənab Baş prokuror!
Hörmətli cənab naziri!

Bildirirəm ki, mən 2007-ci ilin 6 oktyabrında Qurbanov Ramil Asif oğlundan hazırda yaşadığım ünvanda yerləşən 0,02 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 3 otaqlı yaşayış evini almışam. Divar qonşularım Muradov Azad Məmmədəli oğlu və Nuriyeva Xalidə Sultan qızı sahibliyimdə və istifadəmdə olan torpaq sahəsindən 1 metr eni və 22 metr uzunluğunda hissəsini (təxminən dörddə bir hissəsini) bir neçə ildir zəbt ediblər (Sahibliyimdə və istifadəmdə olan torpaq sahəsi qonşularımın istifadəsində olan torpaq sahələrinin arasında yerləşir). Bundan başqa, Nuriyeva Xalidə Sultan qızı çirkab sularını mənim yaşadığım həyətə axıdır, həmin çirkab suları evimin zirzəmisinə dolur. Rütubətdən yaşadığım evə xeyli zərər dəyib, çirkab suların yaratdığı üfunətdən yaşamaq mümkün deyil. İstifadəmdə olan torpaq sahəsini zəbt etmələri, eləcə də çirkab suların həyətimə axıdılması barədə qonşularıma gileyimi çatdırdım və onları bu əməllərindən çəkinmələrini xahiş etdim. Lakin onlar səhvlərini düzəltmək istəmədilər. Xeyli müddət onların əməllərinə dözümlülük göstərdim. Yəni qonşularımın pisliklərinə pisliklə cavab vermək istəmədim. Ancaq səbrin də bir həddi var. Odur ki, qonşularımın həyətyanı sahəmi zəbt etmələri barədə şikayət ərizəsi ilə Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinə müraciət etdim. 30-cu polis bölməsi isə 9/30 saylı 25.02.2014-cü il tarixli cavab məktubu ilə bu mübahisə ilə bağlı məhkəməyə müraciət etməyimi tövsiyə etdi.

Mən də istifadəmdə olan torpaq sahəsinin qeyri-qanuni sahiblikdən özümə qaytarılması və dəymiş maddi zərərin ödənilməsi tələbi ilə Suraxanı rayon Məhkəməsinə müraciət etdim. Mülki iş Suraxanı rayon Məhkəməsinin hakimi Samir Məmmədovun icraatındadır. Mayın 13-də mülki iş üzrə məhkəmənin hazırlıq iclası keçirildi və məhkəmə iclası iyunun 6-na təyin olunub.

Mən məhkəmədən ədalətli qərar çıxarılacağını və problemin öz həllini tapacağını gözlədiyim halda, qonşum Nuriyeva Xalidə Sultan qızı mayın 22-də evimizə hücum çəkib, ağır söyüşlərlə təhqir edərək, məni ölümlə hədələdi. Səsə gələn qonşular onu saktiləşdirməyə çalışdılar. Lakin o, sakitləşmək bilmirdi. Onun bu hərəkətindən həyəcanlanan yataq xəstəsi olan həyat yoldaşımın halı daha da pisləşdi. Qonşular çətinliklə də olsa, X.Nuriyevanı evinə apardılar. Bundan sonra mən Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib hadisə barədə məlumat verdim. “102” xidmətindən şikayətimin qeydiyyata alındığını və məsələ ilə bağlı tədbir görülməsi üçün Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinə tapşırıq verildiyini bildirdilər. Mən 30-cu polis bölməsinə gedərək, hadisə barədə məlumat verdim. Bölməin əməkdaşları baş verən hadisəni qeydiyyata aldılar və bu barədə tədbir görüləcəyini bildirdilər.

Hörmətli cənab Baş prokuror!
Hörmətli cənab naziri!

Xahiş edirəm, qonşum Nuriyeva Xalidə Sultan qızının hədələrini nəzərə alaraq mənim və ailəmin təhlükəsizliyinin təmin olunması üçün aidiyyəti qurumlara göstəriş verəsiniz. Çünki iyunun 6-na təyin olunan məhkəməyə gedərkən, qonşum X.Nuriyevanın növbəti qalmaqal yaratması, üzərimə hücum çəkməsi qaçılmazdır. Yəni həyatımız təhlükə altındadır. Odur ki, sizdən bu problemin həllinə kömək etməyinizi bir daha xahiş edirəm”.

Mövzuya qayıdacağıq.
\\ tezadlar.az \\
Geri qayıt