Əsas Səhifə > Güney Press / Ana xəbər > Məmurun səhhəti pisləşdi, onu Berlinə aparacaqlar

Məmurun səhhəti pisləşdi, onu Berlinə aparacaqlar


26-05-2014, 15:30
Məmurun səhhəti pisləşdi, onu Berlinə aparacaqlar
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşı, Masallı Rayon İcra Hakimiyyətinin rabitə şöbəsinin müdiri Səməd Abıyevin səhhəti pisləşib.
DİA.AZ xəbər verir ki, bu barədə Publika.az-a Səməd Abıyev məlumat verib.

Hazırda Mərkəzi Klinik Xəstəxanda (MKX) müalicə olunduğunu vurğulayan S.Abıyev yaxın 1-2 günə Berlində yerləşən xəstəxanaya aparılacağını söyləyib.

S.Abıyev hazırda qardaşı Ə.Abıyev tərəfindən müalicə üçün xaricə getməsi haqqında sənədləşmə işlərinin həyata keçirildiyini bildirib:

“Ön nahiyədən damar tutulması müşahidə olunur. Burada tanınmış həkimlər məsləhət görüb ki, bunun müalicəsi Almaniyada mövcuddur. Ona görə də müalicə üçün Berlinə gedirəm. Əhəd müəllim hazırda bu işlə məşğul olur”.

Sözügedən məsələyə münasibət bildirən Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Ə.Abıyev də Publika.az-a açıqlamasında qardaşının müalicə üçün xaricə göndərilməsini təsdiqləyib: “Hazırda bu işlə məşğuluq. İnşallah qardaşım xaricdə şəfasını tapacaq”.

Xatırladaq ki, Əhəd Abıyevin qardaşı Səməd Abıyevin adı bir neçə dəfə böyrək köçürülməsi ilə bağlı qalmaqalda hallanıb. Belə ki, bir müddət əvvəl icra başçısı Ə.Abıyev tərəfindən prokurorluğa 52 yaşlı Eleanora Cəbrayılova ilə bağlı şikayət edilib.

E.Cəbrayılova iki dəfə intihara cəhd edib. O bildirib ki, bir müddət əvvəl böyrəyini 50 min manata satıb. Lakin üstündən xeyli keçməsinə baxmayaraq, ona çatacaq məbləği ala bilmir. Həmin qadından donor böyrək alan adam isə Ə.Abıyevin qardaşı Səməd Abıyevdir.

Qeyd edək ki, Əhəd Abıyevin digər qardaşı Nadir Abıyev isə hazırda Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavinidir.

Geri qayıt