Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycanlı qatilə görə məmurlara cəza verməyə başladılar

Azərbaycanlı qatilə görə məmurlara cəza verməyə başladılar


21-05-2014, 18:23
Azərbaycanlı qatilə görə məmurlara cəza verməyə başladılar
Onunla görüşməkdən imtina etmiş qızı anasının yanında bıçaqlayaraq öldürən və Rusiyanın Xantı-Mansiysk muxtar vilayətində ciddi etnik gərginliyə səbəb olan Azərbaycan vətəndaşı Maarif Məmmədova görə yerli məmurlara cəza verməyə başlayıblar.

Virtualaz.org saytı xəbər verir ki, M.Məmmədovun qətlə yetirdiyi 23 yaşlı bağça müəlliməsi Yuliya Pıxteyevanın işinə görə səhlənkarlıq edən müstəntiqlərdən biri işdən azad olunub. Digərləri barədə xidməti araşdırma başladılıb.

Xəbər verdiyimiz kimi, M.Məmmədov Y.Pıxteyevanı mayın 14-də qızın yaşadığı evin qarşısında, anasının yanında 5 bıçaq zərbəsi ilə öldürüb.

Qətldən iki həftə əvvəl M.Məmmədov Y.Pıxteyevanı zorlasa da Xantı-Mansiysk vilayətinin inzibati mərkəzi olan Yuqra şəhərinin polis idarəsinin müstəntiqi Şarif Aripov onun barəsində cinayət işi qaldırmayıb. Cinayətkar saxlanılsa da müstəntiq “yetərli dəlillərin olmadığını” əsas gətirərək onu azadlığa buraxıb.

M.Məmmədov bundan sonra da qızı təqib etməkdə və hədələməkdə davam edib, mayın 14-də isə bıçaqlayaraq öldürüb. Qətl geniş ictimai rezonansa və etnik gərginliyə səbəb olub.

Xəbərə görə, Rusiya İstintaq Komitəsinin muxtar vilayət üzrə istintaq idarəsinin apardığı təhqiqat nəticəsində müstəntiq Şarif Aripovun ciddi səhlənkarlığa yol verdiyi təsdiqlənib və o, polis orqanlarından qovulub. Hazırda Şaripovun barəsində cinayət işinin qaldırılması məsələsinə baxılır.

Həmçinin Xantı-Mansiysk rayonlararası istintaq şöbəsinin rəhbərliyi barədə cəza tədbiri görülüb. Şöbənin rəis müavini işdən azad edilib.

İstintaq idarəsinin kriminalistika şöbəsinin rəisinə isə ciddi töhmət verilib. İdarənin rəisi barədə tədbir görülməsi məsələsi isə onun məzuniyyətdən qayıtmasından sonraya saxlanılıb.

Habelə Xantı-Mansiysk qubernatoru Natalya Komarova tərəfindən Rusiya Federal Miqrasiya Xidmətinin muxtar vilayət üzrə idarəsinin rəisinə sorğu göndərilib və M.Məmmədovun 3 ildir bu vilayətdə qeydiyyatsız və sənədsiz necə yaşadığına izahat verilməsi istənilib.

Qubernator həmçinin M.Məmmədovun Rusiya vətəndaşlığı üçün müraciət edən, ancaq bu müraciətinə rədd cavabı verilən anasının məsələsinə də baxılmasını istəyib.

Belə məlum olur ki, M.Məmmədovun atası onun törətdiyi qətldən bir neçə gün əvvəl ölüb.

Yuliyanın qardaşı Maksim Pıxteyevin dediyinə görə, Maarif atasının infarktdan ölməsinə görə onun bacısını günahlandırırmış. Belə ki, onun dediyinə görə, Yuliya zorlama ilə bağlı polisə şikayət edəndən sonra atası bu xəbəri eşidib və vəziyyəti pisləşib.

Lakin qohumları deyir ki, Maarif hadisədən bir neçə gün əvvəl dayısının “QAZel”ini qaçırıb və pullarını oğurlayıb. Atası da buna görə əsəb sarsıntısı keçirib.



Geri qayıt