Əsas Səhifə > Güney Press / Ana xəbər > Qarabağda atəş kəsiləndən bəri nələri itirdik, nələri qazandıq

Qarabağda atəş kəsiləndən bəri nələri itirdik, nələri qazandıq


15-05-2014, 16:23
Qarabağda atəş kəsiləndən bəri nələri itirdik, nələri qazandıq
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırma Mərkəzinin (JHAM) rəhbəri Cəsur Sümərinli “Atəşkəs rejiminin 20 illiyi: hərbi-siyasi aspektlər” mövzusunda mətbuat konfransı keçirib.

1994-cü ildə Ermənistanla Azərbaycan arasında fəal müharibə əməliyyatlarının dayandırılmasını rəsmiləşdirən “Bişkek protokolu”nun (xalq içində “atəşkəs rejimi”) qüvvəyə minməsindən 20 il ötür.

Bu tarixi faktla bağlı mətbuat konfrnasında Qarabağ cəbhəsindəki duruma toxunulub. Qeyd edilib ki, bu gün cəbhə xəttində olan durum 20 il öncəki kimi deyil. Silah, rabitə-kommunikasiya və s. baxımdan ciddi dəyişikilklər olmasına diqqət çəkilib.

Son vaxtlar “atəşkəs” rejiminin intensiv pozulduğu qeyd edilib. Atəşkəsi hansı tərəfin pozmasından asılı olmayaraq, işğala yol verdiyinə görə Ermənistanın məsuliyyət daşıdığı xüsusi vurğulanıb.

Mərkəzin 2003-cü ildən cəbhə bölgəsində monitorinqlər vasitəsilə itkilərə dair statistika hazırladığı, adlı siyahı yaratdığı qeyd olunub. Bundan əlavə, Mərkəz hərbi büdcə, silahlanma, müdafiə sənayesinin fəaliyyəti, əsgər ölümləri, hərbi sahədə mülki hüuquların müdafiəsi məsələləri diqqətdə saxladığını bildirib.

Statistik rəqəmlərlə bağlı müdafiə və təhlükəsizlik sektorunun 2003-13-cü illərdə 728 itki verdiyi, 670 hərbçinin yaralandığı nəzərə çatdırılıb. Bu ilin 4 ayı ərzində isə bu sahədə 30 itki verib, 44 nəfər isə ya yaralanıb, ya da xəsarət alıb.

2004-2014-cü illərdə 610 hərbçinin güllə ilə vurulması, 120 hərbçinin mina partlayışı nəticəsində dünyasını dəyişdiyi ifadə edilir. Eyni dövrdə mina partlayışı nəticəsində 120 nəfər hərbiçi həlak olub, 200 nəfər isə yaralanıb. Bu fakt da nəzərə çatdırılıb ki, itkilər əsasən Qazax, Goranboy, Tərtər, Ağdam ərazilərinə təsadüf edir. Amma bütün itkilərin 30%-i işğal altında olan Füzuli rayonun ərazisində baş verir.

Azərbaycanın müdafiə qüdrətini artırdığı qeyd edilib. Bu sahədə Ermənistanın Azərbaycanla müqayisə olunmasının qeyri-mümkün olduğu vurğulanıb. Amma tərəflər arasında bitərəflik saxlamalı olan Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun üzvü Rusiyanın Ermənistana hərbi dəstək verməsi xatırladılıb. Azərbaycanın Rusiyadan 4 milyard dollar həcmində silah alması ilə bağlı saziş imzalaması bildirilib. Buna baxmayaraq, Rusiyanın Ermənistana güzəştli silah verməsi də yada salınıb. “Rusiyanın bu addımı bölgədə müharibə amilini saxlamağa, Azərbaycan maraqlarının əksinə yönəlib və Rusiya faktoru bölgədə bölücülüyə xidmət edir”, - deyə C.Sümərinli Rusiyanın mövqeyinə şərh verib. Bölgədə sülh sazişi imzalana bilməsindən daha çox müharibə ehtimalının yüksək olması iddia edilib.

I Qarabağ müharibəsindən qalan minaların hərbiçi və mülki şəxslərin yaralanmasına səbəb olması vurğulanıb. Bunu aradan qaldırmaq üçün tərəflərin həmin dövrə aid minalı ərazilərin xəritələrini beynəlxalq qurumların nəzarəti altında qarşılıqlı şəkildə bir-birinə verməsi təklif olunub.

Qarabağ münaqişəsinin tənzimlənməsinə gəlincə, razılaşmalar olmadığına görə yaxın perspektivdə bu məsələnin həllinin gözlənilmədiyi də iddia edilib. Digər tərəfdən, hər iki ölkədə demokratikləşmə prosesi olmadığı üçün münaqişənin həlli mümkünsüz hesab edilib. Münaqişənin real həllinə nail olmaq üçün NATO və BNT-nin də cəlb edilməsi təklifi səsləndirilib.

Geri qayıt