Əsas Səhifə > Güney Press / Ana xəbər > Nazir oğlunun media-holdinq planları niyə baş tutmadı?

Nazir oğlunun media-holdinq planları niyə baş tutmadı?


15-05-2014, 15:46
Nazir oğlunun media-holdinq planları niyə baş tutmadı?
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun media holdinq layihəsi baş tutmayıb.

Avropa.info-nun əldə etdiyi məlumata görə, Anar Məmmədovaun bu planına hakimiyyətdən “qırmızı işıq” göstərilib. Bunun əsas səbəbi isə son zamanlar mətbuatda Məmmədovların gündəmə gəlməsi, Anar Məmmədovun əmisi oğlu Aynar Məmmədovun dəbdəbəli həyat tərzi, bahalı maşınları və etdiyi qanunsuz əməllərini əks etdirən görüntülərin yayılmasıdır.

Anar Məmmədov “Qarant Holdinq” adlı şirkət təsis edərək bir sıra xəbər portalları və internet televiziyaları açmağı planlaşdırırdı. Bir müddət öncə, Anar Məmmədovun vəkili hətta yeni media holdinqin işə başlayacağı tarixi də bildirmişdi. Vəkilin dediyi tarixdən 2 həftədən çox vaxt ötməsinə baxmayaraq Anar Məmmədovun media layihəsindən xəbər yoxdur.

Məsələ ilə əlaqədar Anar Məmmədovun vəkili Ruslan Məmmədova dəfələrlə zəng etsək də, nazir oğlunun vəkili telefonu açmadı.

Qeyd edək ki, son aylar Aynar Məmmədovun atası, Nəqliyyat naziri Ziya Məmmədovun səlahiyyətləri azaldılmaqla yanaşı, biznesinə də ciddi şəkildə əl qoyulub. Belə ki, Nazirlər Kabinetinin 14 aprel 2014-cü il qərarı ilə paytaxt Bakıda sərnişindaşıma Nəqliyyat Nazirliyindən alınaraq Bakı Şəhər İcra Hakimiyyətinə verildi. Bununla da Ziya Məmmədovun çox önəmli maliyyə qaynaqlarından biri əlindən alındı. Bir neçə gün öncə isə, Nazirlər Kabinetinin qərarı ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi ilə DİN məşğul olacağı ilə bağlı qərar verildi.Bundan başqa, bir müddət öncə, Bakı yollarının təmir-bərpası funksiyası da Nəqliyyat Nazirliyindən alınıb Bakı Şəhər İcra Hakimiyyətinə verilmişdi.

Eyni zamanda, Ziya Məmmədovun əsas biznes şəriki "Hafka" ləqəbli Hafiz Məmmədovla da , problemləri pik həddə çatıb. Hafiz Məmmədov uzun müddətdir ki, Ziya Məmmədovla biznes tərəfdaşlığına son vermək istəyir. Artıq bir çox sahələrdə onların biznes şərikliyinə son qoyulub. Bir müddət öncə, iflasa uğrayan, Ziya Məmmədova məxsus "Bank of Azərbaycan" bankında onların biznes şərikliyinə son verildi. Belə ki, Hafiz Məmmədov dövr edən pullarını , bankdan çıxarmaqla "Bank of Azərbaycan"ın iflasına səbəbkar oldu. "Transqeyt" şirkətində də, təsisçi Hafiz Məmmədov olsa da, icraçı direktor Ziya Məmmədovun oğlu Anar Məmmədov idi. Nazirlər Kabinetinin son qərarı ilə bu şirkətin də artıq iflasa uğradığını demək olar.

Geri qayıt