Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > İcra başçısı Elxan Usubov Şəkidə daş üstündə daş qoymayıb
İcra başçısı Elxan Usubov Şəkidə daş üstündə daş qoymayıb15-05-2014, 15:30 |
![]() DİA.AZ: - Bir neçə il əvvəl Ağstafanın icra başçısı vəzifəsində çalışmış Elxan Usubovun həmin rayondakı əməlləri hələ də sakinlərin yaddaşındadır. İndi isə Şəkidə baş verən özbaşınalıqlar barədə kütləvi informasiya vasitələrinə daxil olan çoxsaylı şikayət məktublarda da bu rayonda baş verənlərin əsas səbəbkarı kimi rayon icra hakimiyyətinin başçısı Elxan Usubov adı hallandırılır. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, rayonun bəzi məmurları Şəkiyə büdcədən ayrılan pulları paytaxtda villa almağa, habelə Şəkinin səfalı yerlərində özləri üçün malikanə tikməyə, yeni-yeni obyektlərin əldə edilməsinə yönəldirlər. Bütün bunların nəticəsində Şəkinin inkişafında bir sıra problemlər yaranıb. Bəzi vəzifəli şəxslərə ciddi nəzarətin itməsi şəraitində rayonda ayrı-ayrı məmurlar əməlli-başlı at özbaşınalığa başlayıblar. Elxan Usubovun özü də guya rayonda inkişafın getməsi ilə bağlı süni görüntü yaratmaq üçün bir sıra kosmetik işlər görüb. Belə ki, rayonun giriş qapıları bir müddət əvvəl götürülüb. İcra başçısının göstərişi ilə müasir dizaynda yeni qala qapıları hazırlanıb. Özü də çox baha qiymətə. Halbuki rayonda bundan da vacib məsələlər, həlli vacib olan işlər var. Karvansara istiqamətindən Xan Sarayına tərəf gedən yolun solunda və sağındakı bütün tarixi abidələr, qədim tikililər isə demək olar, darmadağın edilib. Şəki sakinləri rayonun turizm potensialından lazıminca istifadə edilməməsindən də narazılıq edirlər. Bildirirlər ki, Şəkinin böyük turizm potensialının olmasına, təbiətin bu məkana bəxş etdiyi imkanlara baxmayaraq bu potensialdan lazımınca istifadə olunmur. Daha doğrusu pullar qazanılır, amma həmin vəsaitlər rayonun təbii sərvətlərini-meşələri, dağları, bulaqları qeyri-qanuni özəlləşdirən bəzi işbazların və bütün bu özbaşnalıqlara rəvac verən məmurların cibinə axır. Yaşayış məskəninin inkişafına, sakinlərin sosial-məişət problemlərinin həllinə isə bu vəsaitlərdən qəpik-quruş xərclənir. Burada hələ də işsizlik kimi ciddi problem qalmaqdadır. Sakinlər öz ixtisaslarına uyğun iş tapa bilmirlər. Vaxtilə böyük işçi kütləsinin çalışdığı Şəki İpək Kombinatı indi tam gücü ilə işləmir. Rayonda bir çox şirə zavodları bağlanıb. Ümumiyyətlə, vaxtilə fəaliyyət göstərən fabrik və zavodlar hazırda çalışmır. Bu da şəkililərin işsizlik probleminin həll olunmasını hələ də ləngidir. Problemlər bununla da bitmir. Bu gün Şəkinin yolları barədə də ürəkaçan sözlər demək olmur. Şəki şəhərini ətraf kəndlərlə bağlayan yollar bərbad vəziyyətdədir. İnsanlar bu yollardan istifadə edə bilmirlər. Hətta o kəndlərə avtobuslar da işləmir. İyirmi-otuz il bundan əvvəl çəkilmiş yolların bərpası və təmiri istiqamətində heç bir iş görülmür. Şəkinin məişət problemləri barədə isə yerli sakinlər belə deyirlər: "Şəkinin yalnız mərkəzi hissəsinə qaz nisbətən yaxşı verilir, amma rayonun hələ də qazlaşdırılmamış kəndləri çoxdur. Üstəlik Şəkidə elektrik enerjisinin verilməsində problemlər mövcuddur. Elektrik xətlərində açılmalar tez-tez baş verir. Bunun səbəbi ətraf kəndlərin qazlaşdırılmaması ilə bağlıdır. Elektrik enerjisindən çox istifadə edilməsi nəticəsində xətlərə güc düşür. Buna görə də rayonu işıqla təmin edən şəbəkə ziyana çox düşməsin, transformatorlar yanmasın deyə işığı fasilələrlə verirlər. Şəkinin su problemi hələ də hələ qz həllini tapmayıb. Rayona bulanıq, demək olar ki, palçıqlı su gəlir. Amma Şəkinin elə kəndləri var ki, onlar ümumiyyətlə su üzünə həsrətdir. Məsələn, Daşbulaq kəndində ciddi su problemi yaşanır. Həmin kəndə yalnız bir xətdən su gəlir. Buna görə onlar həmin boruya qıfıl vurublar və hər evə insanlar suyu bidonlarla daşıyırlar. İllərdir bu problem hələ də həll edilməmiş qalır”. Sakinlərin sözlərinə görə, rayonun təhsil sisteminin vəziyyəti də bərbad haldadır. Rayon üzrə ali məktəblərə qəbul göstəricisinə görə statistik məlumatlara görə, Şəkinin bəzi kəndlərindən ali məkəblərə sənəd verənlərin bir nəfəri belə uğur qazanmayıb. Həmin kəndlərin əksəriyyətində məktəblər qəzalı vəziyyətdədir və heç biri təmir olunmayıb. Rayonda uşaq bağçalarının çatışmazlığı ilə də bağlı problemlər mövcuddur. Şəkidə uşaqların əksəriyyəti məktəbəqədər təhsildən məhrum qalırlar. Bütün bunlar onu göstərir ki, Elxan Usubovun Şəkinin icra başçısı vəzifəsinə təyin olunması bu yaşayış məskəninin problemlərini çoxaldıb. İcra başçısı rayonun problemlərinə biganə yanaşır. \\ gundelik-baku \\ Geri qayıt |